“Toplumçular”ın məhkəməsində Hikmət Hacıyevin ifadə verməsi istənilib

“Toplum TV işi” üzrə həbs olunanlar. Foto: Meydan TV

Bu gün, avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb. 

Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.

Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.

Məhkəmə prosesi Azər Tağıyevin sədrliyi ilə baş tutub.

Prosesdə şahid ifadələrinin dinlənilməsi təxirə salınıb. Buna səbəb cinayət işində mülki iddiaçı tərəf kimi çıxış edən Vergilər Nazirliyinin iddiasını əsaslandırmasının bitməməsi olub. Nazirlik nümayəndəsi sualları cavablandırıb. 

Prosesdə adıçəkilən nazirliyin nümayəndəsi müdafiə tərəfinin və hakimin suallarına cavab verib. Vəkil Fəxrəddin Mehdiyev ondan bu iş üzrə həbs olunanların 79 min manat vergi borcu yarandığına dair iddianı əsaslandırmasını tələb edib. Nazirlik nümayəndəsi deyib ki, işçilərin əmək müqaviləsi olmadan işə cəlb olunması və icarə müqavilələri bunu deməyə əsas verir.

Vəkil: Qeyd etdiyiniz icarə müqaviləsi kimlər arasında aparılıb, adlar çəkə bilərsinizmi?

Nazirlik nümayəndəsi: Bu barədə mütəxəssis rəyi var, istintaq belə müəyyən edib.

Vəkil Rəsul Cəfərov bildirib ki, mülki iddiaçı hər bir şəxsin dövlət büdcəsinə nə qədər zərər vurduğunu dəqiq göstərməlidir. Onun sözlərinə görə, “Toplum TV işi” üzrə iddianamədə bu barədə heç bir göstərici yoxdur.

Nazirlik nümayəndəsi isə bildirib ki, bu barədə məlumatı yoxdur və bu suala cavab verməyəcək.

Rəsul Cəfərov belə olduğu halda mülki iddiaçının zərərçəkmiş şəxs kimi tanınmasına xitam verilməsini tələb edib.  

Hakim vəsatəti rədd edib.

Həbs olunanlardan Əli Zeynal Hikmət Hacıyevin məhkəməyə gəlməsini tələb edib. O, çıxışında qeyd edib ki, dəqiq məbləğlər Hikmət Hacıyevə məlumdur və gəlib ifadə verməlidir.

“Jurnalist Fərid İsmayılov hələ COP29 tədbirləri zamanı Hikmət Hacıyevə “Toplumçu”ların həbsi barədə sual verəndə, o, cavabında demişdi ki, “həmin şəxslər konkret cinayət əməlinə görə həbs olunublar və istəsəniz sizə məbləğləri də deyə bilərəm”. Bir halda ki, iddiaçı tərəf dəqiq məbləğləri bilmir, Hikmət Hacıyevi çağırın, gəlsin o desin”.

Hakim bununla bağlı təqsirləndirilən şəxslərin vəsatət qaldıra biləcəyini qeyd edib.

Vəkil Günay İsmayılova isə çıxışında qeyd edib ki, ittiham aktında təqsirləndirilən şəxslərin 2020-ci ildən vergidən yayındığı yazılıb. O qeyd edib ki, təqsirləndirilən İlkin Əmrahovla və Ramil Babayev həmin il tələbə idilər və fərqli məşğuliyyət sahələrində olublar. Müdafiə tərəfinin “bu şəxslərin həmin illərdə nə ilə məşğul olduğunu araşdırmısınızmı?” sualına iddiaçı tərəf, “xeyr, bu bizim işimiz deyil” deyə cavab verib.

“Belə çıxır ki, istintaq materiallarında yazılanları araşdırmadan və olduğu kimi köçürmüsünüz”, – vəkil Günay İsmayılova deyib.

Daha sonra təqsirləndirilənlərdən İlkin Əmrahov kimin dövlət büdcəsinə nə qədər zərər verdiyinin ayrı-ayrılıqda araşdırılması barədə vəsatət qaldırıb:

“Mən İDİ-də sadəcə 4-5 ay çalışmışım, bəs necə olur ki, dövlət büdcəsinə hamı ilə eyni dərəcədə zərər vurmuşam?”.

Təqsirləndirilən Fərid İsmayılov isə Toplum TV-də işlədiyi müddətdə dəfələrlə Vergilər Nazirliyinə jurnalist sorğusi göndərdiyini və cavab aldığını bildirib:

“Bəs nazirlik bu illər ərzində hara baxırdı ki, araşdırmayıb mən jurnalist olaraq vergi verirəm ya yox”, – jurnalist sual edib.

Nazirlik nümayəndəsi bildirib ki, bu suala da cavab verməyəcək.

“Çünki cavabı bilmirsiniz”, – Fərid İsmayılov belə reaksiya verib.

Ana səhifəSiyasət“Toplumçular”ın məhkəməsində Hikmət Hacıyevin ifadə verməsi istənilib