“Hökumət ifadə azadlığını boğmağı dayandırmalıdır”
ABŞ müstəqil media olan “Toplum TV”-yə polis basqınından və jurnalistlərin həbsindən narahatdır.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller danışıb.
“Jurnalistləri, vətəndaş cəmiyyəti fəallarını və müxalifət xadimlərini qorxutmaq, sıxışdırmaq və cəzalandırmaq cəhdlərinə qarşı kəskin etirazlarımızı bildiririk. Azərbaycanı fundamental azadlıqlarından istifadə edənlərə qarşı təqiblərə son qoymağa və siyasi motivli işlərdə haqsız yerə həbs edilmiş bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq. Heç kəs ifadə azadlığından istifadə etdiyinə görə həbs və ya başqa cəzalarla üzləşməməlidir. Hökumət ifadə azadlığını boğmağı dayandırmalıdır, çünki bu, öz xalqının maraqlarına ziddır”, – Miller deyib.
Martın 6-da Daxili İşlər Nazirliyi “Toplum TV”-nin ofisində axtarış apardığını açıqlayıb. Lakin əməliyyat-axtarış tədbirlərinin hansı səbəblə aparıldığı barədə məlumat verilməyib.
Əməliyyat zamanı internet kanalının ofisdə fəaliyyət göstərən əməkdaşları polisə aparılıb.
Həmin gün saat 22 radələrindən başlayaraq “Toplum TV”-nin Bakı şəhər Baş Polis İdarəsində saxlanılna əməkdaşları və təcrübəçiləri Pərvanə Qurbanlı, Alya Ağayeva, Ceyhunə Həsənli (qrafik-dizayner, təcrübəçi), Cəmilə Əzimova, Fidan Əlicanova, Cavid Ramazanov, Gülyetər Mahmudova, Samir Ağazadə, Sadiq Məmmədov sərbəst buraxılıb.
“Toplum TV”-nin əməkdaşı Fərid İsmayilova Cinayət Məcəlləsinin 206.3.2 – qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, maddəsi ilə cinayət işi açılıb.
Bu barədə vəkil Zibeydə Sadıqova məlumat verib.
Onun sözlərinə görə, İsmayılov bəzi sənədləri imzalamaq üçün ona psixoloji və fiziki təzyiq göstərildiyini, amma imtina etdiyini bildirib.
Müdafiə tərəfi deyib ki, bununla bağlı şikayət veriləcək.
Bundan başqa, “Toplum TV” ilə bağlı işdə jurnalist Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əmrahov 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə açılmış cinayət işi ilə bağlı şübhəli şəxs qismində saxlanılıblar.