Ramil Babayevin həbs müddəti yanvarın 6-na qədər uzadılıb
“Toplum TV” internet televiziyası ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalist və fəallardan daha biri – Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayevin haqqında həbs qətimkan tədbirinin müddəti artırılıb.
Martın 6-dan həbsdə olan gənc fəalın istintaq dövründə həbsdə saxlanma müddəti daha 3 ay – yanvarın 6-na qədər uzadılıb.
Oktyabrın 4-də Xətai Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.
Məhkəmədə Ramil Babayevin haqqında həbs qətimkan tədbirinin uzadılması üçün prokurorun verdiyi təqdimata baxılıb.
Müstəntiq təqdimatı müdafiə edib, onun təmin olunmasını istəyib.
Ramil Babayev özü də, vəkili də buna etiraz edib.
Ramil Babayev ona qarşı irəli sürülmüş qaçaqmalçılıq ittihamının əsassız olduğunu, heç bir cinayət törətmədiyi halda 7 aydır ki, həbsdə saxlandığını bildirib.
Vəkil də gənc fəalın həbsdə saxlanması üçün heç bir əsas olmadığını deyib.
Buna baxmayaraq, hakim təqdimatı təmin edib.
Vəkil Günay İsmayılova Xətai Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək.
Bugünlərdə Xətai Rayon Məhkəməsində “Toplum TV” işi üzrə həbsdə bir neçə başqa fəal – media qurumunun təsisçisi Ələsgər Məmmədli, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov, Platformanın Qurucu Heyət üzvü Ruslan İzzətli və digərləri haqqında da eyni qərarlar verilib.
Onlar haqqında həbs qətimkan tədbirinin müddəti yanvarın 6-na qədər uzadılıb.
Martın 6-da “Toplum” internet televiziyasının redaksiyasında və Demokratik Təşəbbüslər İnstitutunun ofisində polisin axtarışı olub və qapısı möhürlənib.
Bu cinayət işi üzrə ümumilikdə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Onlardan 7 nəfər haqqında həbs qətimkan tədbiri seçilib, ikisinin isə istintaq dövründə azadlıqda qalmasına qərar verilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham irəli sürülüb.
İddia olunur ki, axtarış zamanı ofisdən və təqsirləndirilən şəxslərin evlərindən külli miqdarda xarici valyuta tapılıb. Lakin təqsirləndirilən şəxslər bu ittihamın saxta olduğunu, pulların da axtarış aparılan məkanlara polislərin özləri tərəfindən qoyulduğunu, daha sonra götürüldüyünü bildirirlər.
Onlar hesab edir ki, siyasi sifarişlə həbs olunublar, məqsəd də ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.