Dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
Toplum TV xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə şahidlərin dindirilməsi davam edib.
Proses zamanı təqsirləndirilən şəxslərdən Toplum TV-nin həmtəsisçisi, media eksperti Ələsgər Məmmədlinin halı pisləşib. Onun təzyiqi yüksəlib və ürəyində narahatlıq yaranıb. Məhkəmə zalına çağırılan həkim Ə.Məmmədlini müayinə edib və ona dərman preparatı verib.
Təqsirləndirilən şəxslərdən Toplum TV-nin jurnalisti Fərid İsmayılov bu dəfə Milli Məclis üzvlərinin məhkəməyə çağırılması üçün vəsatət verib. O, bunu belə əsaslandırıb ki, şahid qismində dindirilən şəxslər onu sadəcə jurnalist kimi tanıdıqlarını deyiblər, elə isə F.İsmayılovun müsahibə aldığı deputatlar da məhkəmədə dindirilə bilər.
“İstintaq orqanı 49 nəfəri dindirib. Barəmdə nəyi öyrənib, nəyi tapıb? Heç nəyi. Şahidlər heç nəyə şahid olmayıblar. Sadəcə məni tanıdıqlarını, müsahibə aldığımı, reportajlarımı izlədiklərini bildiriblər. Kimisə tanımaq niyə cinayət sayılmalıdır ki? Onda xalq artistlərini də tutsunlar, insanlar onları da tanıyır”, – o qeyd edib.
Növbəti proses dekabrın 15-ə təyin olunub. Proses məhkəməyə gəlmək imkanı olmayan şahidlərin onlayn dindirilməsi ilə davam edəcək.
“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb.
Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.
Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.