“Toplum TV işi” üzrə məhkəmə prosesi keçirilib

“Toplum TV işi” üzrə həbs olunanlar. Foto: Meydan TV

Məhkəmədə ittiham aktının bəzi hissələri elan olunub

Bakı Ağır Cinayətlər Məhkəməsində  “Toplum TV işi” üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Prosesə hakim Azər Tağıyev sədrlik edib.

İclas zamanı ittiham aktının “Toplum TV”-nin jurnalisti Müşfiq Cabbar, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal və Ramil Babayev və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətliyə aid hissəsi elan olunub.

Növbəti iclas iyunun 23-ə təyin olunub.

Mayın 19-da keçirilən məhkəmə iclasında isə ittiham aktının Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanova və “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədliyə aid hissələri oxunmuşdu.

2024-cü il martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”, Demokratik Təşəbbüslər İnstitutu və III Respublika Platformasının ofislərində və bir neçə əməkdaşın evində axtarışlar aparıb.

Nəticədə, Fərid İsmayılov, Elmir Abbasov, Müşfiq Cabbar, Akif Qurbanov, Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahova qarşı qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Martın 8-də isə III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli və “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Məmmədli eyni ittihamla həbs olunublar.

Ümumilikdə bu iş üzrə 9 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan 7-si həbs olunub, Fərid İsmayılov və Elmir Abbasov isə istintaq dövründə azadlıqda qalıblar.

Başlanğıcda onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülmüşdü. Lakin 2025-ci il yanvarın 17-də istintaq yekunlaşdıqdan sonra ittihamlar ağırlaşdırılıb. Yeni ittihamlar arasında əmək müqaviləsi olmadan işə cəlb etmə (162-1.1), qanunsuz sahibkarlıq (192.3.2), çirkli pulların yuyulması (193-1.3.1 və 193-1.3.2), qaçaqmalçılıq (206.4) və vergidən yayınma (213.2.1) kimi maddələr yer alır.

Yanvarın 17-də polis nəzarətində olan jurnalist Fərid İsmayılov da həbs edilib.

Fevralın 5-də isə jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) saxlanılıb və ertəsi gün barəsində 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fevralın 26-da bu qərar ev dustaqlığı ilə əvəz olunub.

“Toplum TV” rəhbərliyi və əməkdaşları baş verənləri siyasi sifarişli təzyiq kimi dəyərləndirir, məqsədin müstəqil medianı və azad səsləri susdurmaq olduğunu bildirirlər.

2023-cü ilin noyabrından bəri ölkədə 30-a yaxın jurnalistin həbs olunduğu, onların əksəriyyətinin Meydan TV, “AbzasMedia” və “Toplum TV” ilə əlaqəli şəxslər olduğu qeyd olunur.

Baş verənlər “Toplum TV”-nin Azərbaycanda fəaliyyətini faktiki olaraq qeyri-mümkün edib.

Media qurumu 2024-cü ilin fevralından etibarən fəaliyyətini ölkə xaricindəki jurnalistlər vasitəsilə davam etdirmək qərarı verib.

Ana səhifəSiyasət“Toplum TV işi” üzrə məhkəmə prosesi keçirilib