“Toplum TV işi”: “Şahin Bağırov gəlsin cavab versin ki, hara baxırdı?”

“Toplum TV işi” üzrə həbs olunanlar. Foto: Meydan TV

Bu gün, noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesə hakim Azər Tağıyev sədrlik edib. 

Məhkəmədə şahid qismində Fidan Əlicanova və Cəmilə Əzimova dindirilib. 

Şahidlər bildiriblər ki, ibtidai istintaqda ifadə verərkən təzyiq altında olublar. Cəmilə Əzimova deyib ki, o ifadə verəndə müstəntiq üstünə qışqırıb və səhərə qədər polis bölməsində saxlamaqla hədələyib. 

Toplum TV-nin məlumatına görə şahidlər bildirir ki, onların telefonları əllərindən alınıb və hələ də qaytarılmayıb. 

Proses zamanı təqsirləndirilən şəxslərdən biri – Toplum TV-nin jurnalisti Fərid İsmayılov ilə dövlət ittihamçısı Rauf Malışov arasında gərginlik yaşanıb. İsmayılov prokurorun şahidə ünvanladığı sualın qanuniliyinə etiraz etdikdə, Rauf Malışov ona sərt şəkildə “otur aşağı” deyərək, bu tonda onunla danışa bilməyəcəyini bildirib. Gərginliyin artması nəticəsində Fərid İsmayılovun səhhətində problem yaranıb və o, məhkəmə zalından müvəqqəti olaraq kənarlaşdırılıb.

İsmayılov prosesə qayıtdıqdan sonra Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun məhkəməyə gəlib ifadə verməsi ilə bağlı vəsatət verib. 

O qeyd edib ki, son dəfə ölkəyə gələrkən özü təşəbbüs göstərərək gömrük nəzarətindən keçib və üzərində heç bir qanunsuz əşya və ya pul vəsaiti olmadığını təsdiqləyən sənəd alıb. Bu səbəbdən ona qarşı irəli sürülən qaçaqmalçılıq ittihamının əsassız, ziddiyyətli olduğunu və Bağırovun bu uyğunsuzluğa izah verməli olduğunu bildirib.

Gömrük Komitəsi də gömrük bəyannamələrini istintaqla bölüşüb. Orada da qeyd olunur ki, üzərimdə pul və ya qiymətli əşya aşkar olunmayıb. O zaman iki qurumdan biri yalan danışır. Deyək ki, “toplumçu”lar, “abzasçı”lar, “meydançı”lar qaçaqmalçılıqla məşğul olub. Şahin Bağırov gəlsin cavab versin ki, hara baxırdı? Necə oldu ki, bir ildə 20-dən çox jurnalistin qaçaqmalçılıq ittihamı ilə həbsindən sonra “Vətənə xidmətə görə” medalı aldı?”- deyə Fərid İsmayılov bildirib.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra “Toplum TV işi” üzrə həbs olunan Müşfiq Cabbar ifadə verib. O qeyd edib ki, hansı əsaslarla həbs olunduğunu bilmir. 

“İttiham aktında yazılıb ki, biz isti izlərlə saxlanılmışıq. İl yarımdan çoxdur həbsdəyik, hələ də bilmirəm hansı əsaslarla bizi saxlayıblar. Heç kimə maaş verməmişəm, əleyhimə heç bir ifadə yoxdur”, – Müşfiq Cabbar deyib.

Hakim Azər Tağıyev bildirib ki, iş hələ araşdırılır. Bu zaman təqsirləndirilən şəxslərdən III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli hakimə etiraz edib. 

“Onda bizi buraxın, çıxaq gedək. Araşdırıb bitirəndə bizi çağırıb deyərsiniz ki, filan işləri görmüsünüz, cəzanız da budur” – deyə İzzətli bildirib.

Ruslan İzzətli məhkəməyə ev dustaqlığına buraxılması barədə vəsatət verib.

Məhkəmə vəsatəti təmin etməyib.

Müşfiq Cabbar hakimdən ev dustaqlığına buraxılan “Sputnik Azərbaycan” əməkdaşlarının ölkəni necə tərk etdikləri barədə sual ünvanlayıb. Hakim cavabında bildirib ki, bunu onların özlərindən soruşmaq lazımdır. Jurnalist sualının ritorik olduğunu vurğulayıb: 

“Bura Azərbaycandır, burada hər şey formaldır”.

“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb.

Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.

Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.

Ana səhifəSiyasət“Toplum TV işi”: “Şahin Bağırov gəlsin cavab versin ki, hara baxırdı?”