“Toplum TV işi”: “Maddi sübut kimi göstərilən bank kartlarından biri 27 ildir işləmir, digəri metro kartıdır”

“Toplum TV işi” üzrə həbs olunanlar. Foto: Meydan TV

Bu gün, oktyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Toplum TV-nin təsisçisi, media eksperti Ələsgər Məmmədlinin növbəti məhkəmə prosesi keçirilib.

Prosesə hakim Azər Tağıyev sədrlik edib. 

“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb.

Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.

Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.

Məhkəmədə bu iş üzrə həbs olunmuş, hüquqşünas, media üzrə ekspert, Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli sərbəst ifadə verib. 

Ələsgər Məmmədli çıxışında 2024-cü ilin 8 mart tarixində polis tərəfindən saxlanıldığı gündən danışıb. O bildirib ki, həmin gün evində vəkilinin iştirakı təmin olunmadan axtarış aparılıb və bu zaman onun evinə pul vəsaiti yerləşdirilib.

“Polis sinə cibində saxladığı bir bağlama pulu (sonradan 7,300 avro olduğunu öyrəndim) girişdə ayaqqabı qutusunun içinə atıb, guya “evimdən çıxdı” görüntüsü verərək “protokollaşdırıb” saxta sübut yaratmağa cəhd edib. Halbuki, bu davranış – saxta sübut yaratma cəhdi müvafiq olaraq Azərbaycan Respublikası Konstitusiyasını, habelə Cinayət Prossesual Məcəlləsinin 137-ci maddəsinin tələblərini kobud şəkildə pozmaqdır. Çünki əməliyyat – axtarış fəaliyyəti haqqında AR qanunun heç bir tələbi saxta sübut yaratma vəzifəsi müəyyən etməyib”, – o bildirib.

Bundan başqa Məmmədli istintaq tərəfindən xaricə səfərlərinin qaçaqmalçılıq ittihamına sübut kimi qoyulmasına da etiraz edib. 

“Mən 12 il xaricdə yaşamış, təhsil almış, vəkillik fəaliyyəti ilə məşğul olmuşam. 2001-ci ildən Azərbaycana qayıdıb burada fəaliyyət göstərsəm də, beynəlxalq miqyasda tanınan ekspert olaraq xaricə tez-tez səfərlərim olub, beynəlxalq qurumlarla əməkdaşlıq etmişəm. Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrlə üzv olduğumuz Avropa Şurası, BMT, ATƏT kimi qurumlarla, habelə Avropa Məhkəməsi, Haaqa Cinayət Məhkəməsi tərəfindən dəfələrlə müxtəlif tədbirlərə dəvət edilmiş, ekspert kimi fəaliyyət göstərmişəm. Belə səfərlərim 18 yaşımdan davam edib və 40 ilə yaxındır davam edir. İstintaq bu səfərlərimdən yalnız 2016-cı ildən sonrakı 39 səfərimi “qaçaqmalçılıq” üçün sübut olaraq irəli sürməyə çalışıb. Halbuki 2016-cl ildən öncəki səfərlərimin sayı dəfələrlə çox olub. Bu aydın şəkildə göstərir ki, istintaqın iddiası əsassız, uydurma və böhtandır”, – deyə Məmmədli qeyd edib.

O əlavə edib ki, istintaqın maddi sübut kimi təqdim etdiyi bank kartlarından biri artıq 27 ildir qüvvədən düşüb:

 “Mən 1991–1996-cı illərdə dövlət hesabına Türkiyədə İstanbul Universitetində hüquq təhsili almışam. Təqaüdüm ‘Vakıf Bank’ kartı ilə ödənilirdi. Həmin kartı xatirə kimi saxlamışam, amma onun istifadə müddəti 27 il əvvəl bitib. İstintaqın bu kartı ‘sübut’ kimi işə əlavə etməsi ancaq ‘ilin zarafatı’ sayıla bilər.”

Ələsgər Məmmədli bildirib ki, “bank kartı” kimi sənədləşdirilən digər kart isə əslində Tbilisi metrosuna aid ödəniş kartıdır:

“Bu, hər kəsin 2 lari ödəyərək aldığı metro kartıdır. Mən Tbilisidə konfranslarda, o cümlədən ‘Cənubi Qafqaz Media Konfransı’nda iştirak edəndə ictimai nəqliyyatdan istifadə üçün almışdım. Kartın arxasında metro xəritəsi var, amma istintaq bunu belə sadə şəkildə ayırd edə bilməyib və saxtalaşdırılmış ‘sübut’ kimi təqdim edib.”

Məmmədli çıxışının sonunda cinayət işini “tam saxta” adlandıraraq bildirib ki, “bu proses əslində vətəndaş cəmiyyətinin, azad medianın və müstəqil jurnalistikanın susdurulması üçün hüquq sistemindən siyasi alət kimi istifadənin bariz nümunəsidir.”

Daha sonra bu iş üzrə həbs olunmuş Demokratik Təşəbbüslər İnstitutunun (IDI) əməkdaşı Ramil Babayev ifadə verib. O, IDI-də işlədiyinə görə “bir an belə peşmanlıq hiss etmədiyini” söyləyib.

Babayevin sözlərinə görə, o, 2024-cü ilin martın 6-da Toplum TV-nin ofisində saxlanılıb və bundan sonra polis tərəfindən təzyiqə məruz qalıb:

“Polis məni digərlərindən ayıraraq təzyiq göstərməyə başladı, evimə isə pul atdı. Barmaq izimlə açdıqları telefonuma baxış keçirdilər. Heç nə tapmadıqları üçün məni evə apardılar. Mən axtarışın videoçəkilişlə aparılmasını tələb etdim, razılaşdılar. Həmin çəkilişdə də dedim ki, pullar mənə məxsus deyil və evə məqsədli şəkildə qoyulub. Əməliyyatçılardan biri pulu mənə tərəf uzadaraq ‘bax’ deməklə barmaq izimi ora salmaq istəyirdi, amma mən imtina etdim. Daha sonra o, videonu mənim yanımda sildi və dedi ki, ‘bu sadəcə rəisə hesabat üçündür’.”

Babayev bildirib ki, baş verənlərə etiraz olaraq sağlamlığına zərər yetirib:

“Evdən çıxarkən mətbəxə qaçıb bıçağı götürdüm və etiraz əlaməti olaraq qarnıma vurdum. Bıçaq küt olduğundan yalnız dərini kəsdi. Həmin yara izi indi də qalır. Məni qanlı köynəklə binadan çıxardıqlarını görən şahid var, amma onu təhlükəyə atmamaq üçün adını çəkmirəm.”

O əlavə edib ki, saxlanıldığı ilk 6 saatda gördüyü rəftar “müharibə əsirlərinin belə yaşamadığı” qədər ağır olub:

“Gözlərimi bağlayıb hədə-qorxu gəlirdilər, psixoloji təzyiqlə məni sındırmağa çalışırdılar. Bu davranışı heç müharibə əsirinə də etmirlər,” – Babayev deyib.

O, bütün ittihamları rədd edərək ifadəsini tamamlayıb.

Ana səhifəSiyasət“Toplum TV işi”: “Maddi sübut kimi göstərilən bank kartlarından biri 27 ildir işləmir, digəri metro kartıdır”