Bu gün, oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə həbs olunanların növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmə prosesinə hakim Azər Tağıyev sədrlik edib.
Keçirilən məhkəmə iclasında “Toplum TV işi” üzrə şahidlər dindirilib.
“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb.
Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.
Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.
Şahidlərə ibtidai istintaq dövründə verdikləri ifadələrlə bağlı suallar verilib. Onların bəziləri ifadələrindən imtina edib və həmin ifadələri təzyiq altında verdiklərini bildiriblər.
Məhkəmə iclası zamanı təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, hakimin şahidlərin ifadəsinə müdaxilə etdiyini və onların çıxışlarına təsir göstərməyə cəhd etdiyini bildirərək etirazını ifadə edib.
Şahidlərdən biri bildirib ki, istintaq zamanı onu təzyiq altında saxlayaraq telefonunun şifrəsini alıblar. Müdafiə tərəfinin vəkili Zibeydə Sadıqova isə hakimə, şahidin telefonundan əldə edilən materiallarla bağlı sualların verilməsinin doğru olmadığını vurğulayıb.
Şahidlərdən birinin dindirilməsi zamanı təqsirləndirilən şəxslərdən biri, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Əli Zeynal prosesə müdaxilə edərək bildirib ki, şahid təqsirləndirilən şəxslərdən heç birini tanımır və bu səbəbdən məhkəməyə prezidentin köməkçisi Hikmət Hacıyev çağırılmalıdır. Hakim bunun səbəbini soruşduqda isə digər təqsirləndirilən şəxs III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli xatırladıb ki, Hikmət Hacıyev COP29 tədbirində çıxışı zamanı Toplum TV əməkdaşları da daxil olmaqla həbs edilən jurnalistlərin guya qaçaqmalçılıq törədərək Azərbaycan qanunlarını pozduğunu iddia edib.
Ruslan İzzətli və Əli Zeynal deyib ki, prezidentin köməkçisi Hikmət Hacıyev bu iddialarına görə məhkəmədə dindirilməlidir.
Əli Zeynal bundan öncəki proseslərdə də Hikmət Hacıyevin ifadə verməsini tələb etmişdi.
Məhkəmə prosesi noyabrın 3-nə təyin olunub. Növbəti prosesdə də şahidlərin dindirilməsinə davam ediləcək.