Neçə gün idi bizimkilər yenə yaxşı həyəcan orqazmı yaşayırdılar. Niyə də yox, bu günlərdə icra hakimlərinin “yağmuru” idi, yağış kimi yağırdılar göydən aşağı.
Qısası, əvvəl İlham Əliyevin sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev, Salyanın icra başçısı Tahir Kərimov tutduğu vəzifədən azad olundular. Urra! “Rəhmətliklər” ikisi də çox məşhurdu, mediafiqurlar idi desək, heç yanılmarıq.
Bununla da bitmədi. Canım sizə desin, ölkə başçısı Laçın rayon İcra Hakmiyyətinin başçısı Akif Səlimovun da işdən azad olunması ilə bağlı sərəncam imzaladı!
Daha sonra isə Prezident Administrasiyası rəhbərinin müavini, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev onların işdən azad olunması ilə bağlı verilən qərarı şərh etdi: “Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Onlar öz fəaliyyətlərini cənab Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər. Adları qeyd olunan sabiq icra hakimiyyəti başçıları cənab Prezidentin etimadını doğrulda bilməyiblər, daha dəqiq desək, etibarını itiriblər”.
Ay bərəkallah! Ay dilinizi yeyim sizin! Axır ki, “vətəndaşların problemlərinə laqeydlik” göstərənlər layiqli cəzasını aldı!
Camaatın sevincini əslində başa düşmək olar, uzun illər bu insanlar orada icra başçısı olub nələr ediblər – bu, köşə yazısı üçün yox, prokurorluq üçün maraqlı olmalıdır. Bizim fikirizcə isə bu məsələ siyasi deyil, sırf estetik mahiyyət kəsb edir. Nə üçün? Çünki bu insanların bircəcik sifətlərinə baxmaq kifayətdir. Bugünlərdə qətlinin 11-ci ili qeyd edilmiş mərhum jurnalist Elmar Hüseynovun təbirincə, onların hamısı çox rahat “ли́ца, с нецензурным выражение лицἀ” (yəni mübarək hüsnündə senzuradankənar ifadə olan şəxslər) kateqoriyasına daxil edilə bilərlər. Darvinin təkamül nəzəriyyəsinin aktuallığı haqda, ümumiyyətlə, danışmayacam – deyirlər ki, jurnalistikanın prinsiplərinə ziddir. Nəsə, bu qardaşlar ya o sifətlərindəki ifadəyə qurban gedif, ya da bizim bu şairə Günel Mövludun badına – tay bunu izah edəmməyəjəm, ruslar demiş, “история об этом умалчивает”.
“Koroçe”, ya zəlzələdən, ya vəlvələdən, indi bu ağır vəzifələrdən və xalq qarşısındakı öhdəliklərlə bilmərrə azad edilmiş bu cənabların yerinə, hüsnündə senzuranı bu günə kimi saxlamış (günün bu günündə bu da asan iş deyil ha!) qarabağlılar demiş “qulturnu”, “açqılı”, canım saa desin, savaddı qardaşdarımız gəlməlidi ki, kürdəmirlilər demiş “nedorazumenni” olmasın, ayıfdı axı.
Qısası Şəhrizadın sizə bir gecəyə nəql edə bilməyəcək, Misir Mərdanovla Mikanın hekayətini yada salsanız, sizə hər şey gün kimi aydın olar, əzizlərim.
Bir də ki, belə icra hakimi-zad nədi ey? Sizə kimlərdən xəbər verim – dupdatxanadan. Ayrı aləmdi bu Milli Məclisin camaatı, doğrudan da, onları cənab prezident (Allah bizim canımızdan kəsib onun ömrünə calasın) boşunnan oraya yığmayıb onları, yaxşıca əyləndirdilər bizi keçən həftə. Təsəvvür etmək də çətin işdi vallah, əbədi-əzəli millət vəkili, yəni Hadı müəllim deyir ki, camaata ünvanlı sosial yardımın yerinə qoyun verək! Nə deyək indi buna? Bir şey yazacaqsan, deyəcəklər yox e, jurnalistika prinsiplərinə ziddir. Ortalıqda Əli Novruzov-zad da yoxdu ki, çevirsin bunu xarici dillərə, vursun divarına. Heş zad, o boyda pas qaldı göydə. Daha nə edək, onda klassikadan sitat gətirək – Üzeyir bəyin “O olmasın, bu olsun” operettasındakı Gülnazın ariyasında deyildiyi kimi: “Al dədə, qurbanın olum!”
Nəsə, yüz min dəfə deyilib, bir daha deyək, banal həqiqətləri təkrar edək, cavabında da bizə desinlər ki, “bəsdi də”, “bezdik artıq”, “başqa mövzunuz yoxdur”, “mövzu qıtlığı keçirirsiniz”?
Qısası, icra hakimini yox, nazirlərin hamısını, lap elə o dupdatxananı topdan götürüb, hamısını təzədən dəyiş – əsla heç bir xeyri yoxdur və ola da bilməz. Əgər bu iyrənc sistem kökündən dəyişilməsə, heç bir əsaslı yeniliyə ümid etmək olmaz. Sağlam sistem qurulmasa, insanların şəxsi keyfiyyəti siyasi qərarların qəbul edilməsində demək olar ki, heç bir rol oynamır – bu aksiomadır.
Sağlam siyasi sistem qurularsa, hətta ortaya çıxan yaramaz siyasətçilər belə qəbul edilmiş oyunlardan çox kənara çıxa bilmir, əgər qanun pozuntusu olursa da, əvvəl axır öz cəzalarına çatır, məsələn, Berluskoni kimisi, yaxıd elə Sarkozi və s.
Sağlam siyasi sistemin qurulmasına Azərbaycanda məşum 1993-cü ildən nəinki cəhd belə edilməyib, əksinə, belə bir sistemin qurulmasına mümkün olan bütün maneələr və qadağalar edilib, çünki sağlam siyasi sistem bu rejimin və bu tip idarəetmənin məhvi deməkdir – nə az, nə çox.
Siyasi xadimlərin topdansatışı isə məhz bu tipli rejimlərin yaratdığı reallıqdır.
P.S. Elə bu günlərdə də növbəti kədərli xəbər gəldi – Biləsuvar gömrük keçid məntəqəsində sıxlıqdan bir nəfərin ürəyi dayanıb, vəfat edib. Kədərli reallıq bundan ibarətdir – səriştəsiz idarəetmə daha çox canlar alacaq.
Redaksiyadan: Yazıda müəllifin üslubuna toxunulmayıb.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…