Rusiyanın Ukraynada apardığı müharibə Qarabağda Ermənistanla Azərbaycan arasında həm münaqişənin yenidən qızışması, həm də sülh yoluyla həll ehtimalını gücləndirir. “Qara bağ” kitabının müəllifi Tomas de Vaal “Foreign Affairs” dərgisində münaqişə barədə yazdığı məqalədə belə iddia edir.
De Vaal indiki halda Azərbaycanın özünü rahat hiss etdiyini bildirir. O, deyir ki, Rusiya – Ukrayna müharibəsi fonunda Qərb rəsmilərinin Bakıya gəlişi sürətlənib, onlar qaz axtarırlar.
Müəllif diqqət çəkir ki, Avropa İttifaqı danışıqlarda “Rusiya” və “Qarabağ” sözlərini işlətməkdən qaçır.
Tomas de Vaalın fikrincə, rəsmi Bakı Qarabağ ermənilərinə hansı hüquq və təminatlar verəcəyini açıq bəyan etməlidir. Qarabağ erməniləri də anlamalıdırlar ki, təkcə coğrafi yox, enerji və iqtisadi ehtiyacları baxımından da gələcəkləri Azərbaycan daxilindədir.