"ABŞ, Avropa Birliyi bu münaqişədən geridə qalıblar, Rusiya isə hadisə yerindədir"
"Rusiya bu münaqişədəki məsuliyyəti Fransa və Birləşmiş Ştatlarla paylaşmaq istərdi, eyni zamanda Bakı və Yerevan Rusiyanın münaqişəni monopoliyaya almasını istəmir”.
Bu açıqlamanı Karnegi Fondunun Qafqaz üzrə eksperti Tomas de Vaal "AzadlıqRadiosu"nun Ermənistan xidmətinə müsahibəsində səsləndirib.
Tomas de Vaalın sözlərinə görə, Bayden administrasiyası münaqişəylə bağlı daha fəal xarici siyasət yürüdəcək: “Belə ki, Co Bayden administrasiyası Türkiyəylə bağlı daha sərt mövqe tutacağına eyham vurub. Üstəlik, tərəflərin imzaladığı 10 noyabr atəşkəs razılaşmasında sülh prosesinin gələcəyi ilə bağlı müddəa yoxdur. Beləliklə, Amerika Birləşmiş Ştatlar bu münaqişədən çox kənarda qalıb. ABŞ, Avropa Birliyi bu məsələlərdə kömək edə bilərlər. Aydın danışaq: onlar bu münaqişədən geridə qalıblar və ona çatmaqdan ötrü çox iş görməlidirlər. Rusiya isə hadisə yerindədir. Azərbaycanın siyasi proses barədə həqiqətən danışmaq istədiyi aydın görünmür”.
Ekspert bildirib ki, münaqişə Azərbaycanın xeyrinə bitib: “Onlar Dağlıq Qarabağın statusu və sairə haqda danışmağa tələsmirlər. Məncə, çətin olacaq. Birləşmiş Ştatlar bir sıra siyasi məsələlər, ən vacibi regional iqtisadi məsələlərdən başlaya bilər. İqtisadi münasibətlərin “sadəcə, Azərbaycan, Türkiyə və Rusiyaya fayda verməyəcək şəkildə” bərpası çox vacibdir".
Sülhməramlılara gəlincə, onun özü üçün də yaranıb ki, sülhməramlılar daimi sülhün yaranmasında maraqlıdırlar, yoxsa başqa məqsədləri var: "Məsələn, regionda mövcudluqlarını bütün tərəflər üçün arzuedilən edəcək şərtlər yaratmaq istəyirlərmi? Bu məsələ inanılmaz dərəcədə çətindir. Rusiyalılar daxil olmaqla, heç kim nəyin baş verəcəyini aydın görmür. Rusiya Dağlıq Qarabağda indiyədək olmadığı mövqeni tutub. İndi Qarabağdakı yerli hakimiyyət Yerevanla işlədikləri qədər Moskvayla da ünsiyyətdə olurlar. Digər tərəfdən, heç kəs unutmamalıdır ki, Rusiya həm də Bakıyla razılaşmalıdır, Rusiya sülhməramlı missiyası beşillikdir. Yəni Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya separatçı regionlarında olduğu kimi davrana bilməz”.
O, Azərbaycanla Ermənistanın bərpa işlərini təkbaşına apara biləcəklərinə heç kəsin inanmadığını, iqtisadi əlaqələrin ağılla qurulmalı olduğunu vurğulayır: “İqtisadi əlaqələrin bərpasından bütün tərəflər faydalanmalıdır. Məsələn, 10 noyabr razılaşmasından sonra Bakının nəzarətinə qaytarılmış Kəlbəcər rayonu çox təcrid olunub. Qarabağla, Ermənistanla ticarət olmadan iqtisadi fayda verəcəyini düşünmək çətindir. Minsk qrupu və digər beynəlxalq oyunçular sülhə dəstək naminə iqtisadi əməkdaşlıq üzərində işləsələr, bu, davam etdirməyə yaxşı layihədir”.