Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev

Mənbə: Meydan TV

Başlıq: Vladimir Putin, Nikol Paşinyan və İlham Əliyev

Toğrul İsmayıl: Rusiya Azərbaycan və Ermənistana tam nəzarət edə bilmir

Məqalə yeniləndi:  22 Fevral 2021

Şahin Cəfərli: "Qarabağa əlavə hərbi qüvvə yerləşdirmək Azərbaycan üzərində basqı yaradacaq"

Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyan Rusiyanın 102-ci hərbi bazasının bir hissəsinin ölkənin şərqinə köçürülməsi barədə Moskvayla müzakirə aparıldığını bildirib.

Bu barədə Rusiyanın "Ria.ru" saytına danışan nazir Vaqarşak Arutyunyan şimal dövlətin Ermənistanda ikinci hərbi bazasının yerləşdirilməsinı ehtiyacın olmadığını deyib.

“Ancaq Yerevan və Moskva Rusiyanın 102-ci hərbi bazasının müəyyən hərbi birləşməsinin Ermənistanın şərqində yerləşməsinin mümkünlüyünə dair məsələnin üzərində işləyirlər. Yəqin ki, Rusiyanın hərbi bazasının tərkibindən (onun genişlənməsini nəzərə alaraq) hər hansı hərbi birləşmənin Ermənistanın şərq istiqamətinə köçürülməsinin mümkünlüyündən danışmaq daha doğru olardı və bu kontekstdə məsələnin üzərində müvafiq birgə iş aparılır", - o bildirib.

"Markov, Korotçenko kimiləri Rusiyanın maraqlarını bölgədə yeritməyə çalışan qatı imperialist adamlardır"

Siyasi şərhçi Şahin Cəfərli Rusiyanın 102-ci hərbi bazasının müəyyən hərbi birləşməsinin Ermənistanın şərqində yerləşməsinin səbəblərinə toxunub.

Şahin Cəfərli

Şahin Cəfərli

Mənbə: Facebook

O, Facebook” səhifəsində yazıb ki, Azərbaycandan Ermənistana hər hansı hücum gözlənilmir: “Ən azı, nə qədər ki Ermənistan ikitərəfli və çoxtərəfli anlaşmalar çərçivəsində Rusiyanın mühafizəsi altındadır, Bakıda kimsə belə bir fikrə düşə bilməz”.

Cəfərlinin qənaətincə, məqsəd gələcəkdə ehtiyac yaranacağı təqdirdə, çox operativ şəkildə və ən qısa müddətdə Qarabağa əlavə hərbi qüvvə yerləşdirmək üçün zəruri plasdarm və infrastruktur yaratmaqdır:

“Bu həm də Azərbaycan üzərində əlavə bir basqı yaradacaq. Rusiyalı politoloq Sergey Markovun Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsini gündəmə gətirməsi də diqqətəlayiq detaldır. Kommunikasiyaların açılması da bu məqsədə xidmət edir. Markov, Korotçenko kimiləri özlərini bizim ictimaiyyətə "Azərbaycanyönümlü" kimi göstərib, Azərbaycan ictimai rəyində etimad qazanaraq Kremlin tezislərini translyasiya edən, Rusiyanın maraqlarını burada yeritməyə çalışan qatı imperialist adamlardır”.

"Rusiyanın yeni yanaşması yoxdur, modernizmdən geri qalır"

Siyasi təhlilçi Toğrul İsmayıl Meydan TV-yə deyib ki, Moskva regionda mövqeyini gücləndirməyə çalışır:

“Təbii ki, Qarabağ məsələsinin həllindən sonra Rusiyanın təsir imkanları Cənubi Qafqazda bir az zəifləyib, o mənada ki münaqişənin bitməsinin son fazasına keçib. Düzdür, ərazilərin 100 faizi Azərbaycanın nəzarətinə olmasa da, amma de-yure bölgədə hər hansı bir dövlətdən danışmaq mümkün deyil. Dünənki şərtlərlə Ermənistan “Dağlıq Qarabağ Respublikası”nı dövlət kimi tanımağa cəhdlər göstərirdisə, indi vəziyyət tamam dəyişib. Çünki özünü idarə edə bilmir və bölgədə başqa ölkənin əsgərləri var. Beləliklə, Qarabağ məsələsi de-fakto da Ermənistanın əlindən çıxıb. Həm də Rusiya sülhməramlılarının Azərbaycan ərazisində qalması da bəlli tarixlə məhduddur. İndi Moskva bu məhdudiyyətin uzun olması və Azərbaycanı da nəzarətə götürməsi üçün Bakıya müxtəlif təzyiqlər edir və bu, olacaq da. Konkret olaraq, Azərbaycanın Gömrük Birliyinə, Avrasiya İqtisadi İttifaqına üzvlüyə daxil edilməsi yönündə təzyiqlər olacaq. Çünki Rusiya Azərbaycana faktiki nəzarət edə bilmədiyindən Ermənistana da tam nəzarət edə bilmir. Ermənistanda hərbi bazanın olması hələ əsas məsələ deyil. Bu sırada kommunikasiya, iqtisadi bağlılıq və digər məsələlər istiqamətində təzyiqlər var, davam da edəcək. Güman ki, artacaq. Təzyiqdə məqsəd Azərbaycanı Rusiyaya daha çox bağlamaqdır. Çünki Rusiyanın yeni yanaşması yoxdur, SSRİ zamanından qalma siyasi texnologiyalardan istifadə edir. Ən əsası iqtisadi və texnoloji olaraq cəzbedici ölkə deyil, modernizmdən geri qalır. Qarabağ məsələsində də ortaya yeni təkliflər qoya bilmir, sadəcə, nə Ermənistanı, nə də Azərbaycanı itirmək istəyir. Bütün hallarda Azərbaycan Rusiyanın təzyiqləri qarşısında yeni alternativlər barədə düşünməlidir. Düşünmürəm ki, Rusiya Azərbaycanı işğal etsin, bura Ukraynanın Krım bölgəsi deyil, orada ruslar çox idi və onu bəhanə gətirib daxil oldular”.

Toğrul İsmayıl

Toğrul İsmayıl

Mənbə: Facebook

Toğrul İsmayıl Ermənistan müdafiə naziri Vaqarşak Arutyunyanın müsahibəsinə toxunaraq bildirib ki, MDB-nin sərhəd anlaşmasına əsasən, üzv dövlətlərin bir-biriylə sərhədlərini Rusiya ordusu qoruya bilməz:

“Bu barədə sənədə bütün üzv dövlətlərin sərhəd komandanlığı imza atıb. Baxın, Tacikistanda rus əsgərləri, sadəcə, Əfqanıstanla sərhədlərdə yerləşdirilib, onlar daxili, yəni digər MDB üzv dövlətləri ilə sərhəddə deyillər. Naxçıvanla sərhəddə isə Azərbaycan icazə versə, qarşı tərəfdə rus əsgəri ola bilər, bu da üçlü anlaşmaya görə mümkündür. Hərbi baza məsələsinə gəlincə, 102-ci hərbi baza Gümrüdə yerləşir və 2017-ci ildə Ermənistanla Rusiya anlaşma imzalayıb ortaq ordu qurdular. İkinci, Rusiya əsgəri Azərbaycanda yerləşib-yerləşməməsinin elə bir təhlükəsi yoxdur, məgər Dağıstanla sərhəd deyilikmi?!”.

Toğrul İsmayılın sözlərinə görə, Ermənistanla Azərbaycanın Rusiya ilə iqtisadi iş birliyi fəaliyyətini müqayisə edilsə, ikinci birincidən qat-qat üstündür:

“Konkret olaraq, Azərbaycan iqtisadi baxımdan Rusiyaya daha çox xeyir verir, nəinki Ermənistan. İkinci, Rusiyadakı azərbaycanlılar bu dövlətin iqtisadi məkanında daha aktivdirlər, çox ciddi zəngin insanlar var. Üçüncü, ictimai-mədəni əlaqələr baxımından Ermənistanda rus dilinin qarşısında əngəllər daha çoxdur, Azərbaycanda isə tam əksindir. Ermənistan Avrasiya İttifaqının üzvü olsa da, Rusiyanın Azərbaycanda daha çox təhsil mərkəzləri var”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  22 Fevral 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/5j230f

Ən çox baxılan