"Tammiqyaslı saziş siyasi-iqtisadi, təhsil, hərbi və bir çox regional məsələləri əhatə edəcək"
Türkiyə Azərbaycanla tammiqyaslı dövlətlərarası müqavilə imzalamaq niyyətindədir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı deyib.
Məlumatı "Anadolu" agentliyi yayıb.
Prezident NATO sammitindən sonra Azərbaycana gedəcəyini söyləyib: "Əvvəlcə Füzuliyə səfər edəcəyik. Sonra qardaşım İlham Əliyevlə Şuşaya gedərək orada ölkələrimiz arasında müqavilə imzalayacağıq. Bu, Türkiyə və Azərbaycan arasında tammiqyaslı bir saziş olacaq”.
İki dövlət arasında tammiqyaslı sazişinin detalları barədə Meydan TV-nin suallarına cavab verən professor Toğrul İsmayıl sənədin strateji əhəmiyyət daşıyacağı qənaətindədir.
T.İsmayıl deyir ki, tammiqyaslı saziş siyasi-iqtisadi, təhsil, hərbi və bir çox regional məsələləri əhatə edəcək. Ancaq Toğrul İsmayıl Türkiyənin Azərbaycanda hərbi baza qurmasını istisna edib: "Hərbi bazanın qurulması üçün Azərbaycanın Qoşulmama Hərəkatından çıxması lazımdır. İkinci, Azərbaycanda hərbi bazanın qurulmasına ehtiyac yoxdur, çünki iki ölkə arasında məsafə o qədər uzaq deyil ki, istənilən zaman dəstək gəlməsin. Amma tammiqyaslı saziş strateji və dərin olan məsələdir".
T.İsmayıl hesab edir ki, Türkiyə dövlət başçısının Füzuli və Şuşaya səfəri həm də bir mesajdır: "Füzuli rayonunda hava limanı inşa olunur və ordan da Şuşaya gedəcək. Əslində, bir məktəb anlaşması imzalansa, özlüyündə çox ciddi əhəmiyyətə malikdir. Bunlar bölgəyə çox ciddi nəticələri olacaq hadisələrdir".
Türkiyə Prezidentinin Azərbaycana səfəri iyunun 14-16-da planlaşdırılır.
Rəcəb Tayyib Ərdoğan səfəri çərçivəsində Bakı Olimpiya stadionunda Türkiyə-Uels matçını da izləyəcək.