”Araz Əzimovun çıxışını bir diplomatın Azərbaycan hökumətinin qəbul etdiyi qərara tərs cavabı sayıram”
Fevralın 16-da Ankarada baş verən terror bölgə təhlükəsizliyinin həssas mərhələdə olduğunu bir daha göstərdi. Dünəndən bəri baş verən olaya münasibət fərqli və müxtəlif baxış bucaqlarındandır. Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, siyasi şərhçi Toğrul İsmayılla söhbətimizdə yaranmış durumu bu istiqamətdə şərh etməyə çalışdıq.
– Toğrul bəy, baş nazir Davudoğlu artıq terroru törədənlərin ünvanını göstərib. Bu mənada 16 fevral Ankara terroru Türkiyəni Suriya məsələsindəkı mövqeyində hansısa dəyişikliklərə səbəb ola bilərmi?
– Terror Türkiyənin Suriyaya, xüsusilə terror qruplaşması olan PYD-yə qarşı hərbi müdaxilənin artmasının göstəricisidir. Türkiyə cəmiyyətində müharibəyə qarşı olanların da qorxusu budur. Ki, məlum terror müharibə riskini artırır. Nəzərə alın ki, terrorla Hava Qüvvələri Qərargahı hədəfə alınıb, bu, mesajdır. Bundan əvvəl də həmin ərazilərdə şübhəli şəxslər saxlanmışdı və 16 fevral olayı Türkiyəyə qarşı meydan oxuyanların sayının artdığını göstərir. Hesab edirəm ki, bundan sonra hökumətdəki PYD-yə qarşı güc işlətmək ehtimalını bir az da artıracaq. PYD-nin Suriyada olması və Rusiyanın onları silahlandırması, bunlar hamısı çox təhlükəli məsələlərdir.
– Amerikanın PYD-ni terrorçu təşkilat kimi tanımamasını necə izah edərdiniz?
– Bu normaldır, çünki PYD bölgədə İŞID-a qarşı mübarizə aparan ən mütəşəkkil gücdür.
–
Bununla da Rusiya rəsmiləri və siyasi şərhçiləri bildirir ki, Türkiyə PYD-ni vurursa, deməli, İŞID-a dəstək verir. O zaman bu fikrə qarşı hansı arqumentiniz var?
– Doğru deyil. Məsələ ondadır ki, Türkiyə ərazi bütövlüyünü təhdid edəcək bütün terrorçu təşkilatlarla mübarizə aparır. Türkiyəyə görə PYD terrorist təşkilatdır və təşkilatın etnik mənsubiyyəti önəmli deyil. Türkiyə həm İŞID-ı, həm də PYD-ni vurur. Mən də eyni şəkildə deyə bilərəm ki, Rusiya İŞID-ı vurmaq adıyla Suriyaya müdaxilə edib, müxalifətləri hədəfə alıb və dolayısıyla İŞID-a dəstək verir.
– Sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında Ankara terrorunun arxasında Moskvanın dayandığı ehtimalı da səslənir. Bu ehtimalı necə dəyərləndirirsiniz?
– Mən konkret hansısa ölkəni günahlandırmağa meylli mütəxəssis deyiləm. Hələ araşdırma gedir, nəticəni sonucda görəcəyik. Amma bir məqam var, bu cür terror əməliyyatını sıradan bir terror təşkilatının hazırlaması inandırıcı deyil. Çünki belə terror əməliyyatları inandırıcı kəşfiyyat informasiyalarına malik olmağı tələb edir. Dolayısıyla bu cür terror əməliyyatlarının arxasında xarici güclərin kəşfiyyat xidmətlərinin olması ehtimalı olduqca yüksəkdir. Məsələ ondadır ki, Ankara terror aktı olduqca mütəşəkkil düşünülmüş və hazırlanmış əməliyyatdır. Yəni bu əməliyyatı bir terrorçu qrupun etməsi mümkün deyil, yalnız dövlətdən güclü olan təşkilat edə bilər. Bu isə mümkünsüzdür.
– Terror aktı prezident Ərdoğanın Bakı səfərindən 1 gün əvvəl baş verib. Siz bunu təsadüf, yoxsa məqsədli hazırlanmış əməliyyat hesab edirsiniz?
– Bir terror hadisəsi baş verirsə, o mesajdır. Dolayısıyla terrorun baş verdiyi tarixlər də təsadüfi seçilmir. Məhz bu gündə edilməsi “bir gündə bir neçə dovşanın vurulması” məsəlinə bənzəyir. Mesajda həm prezidentin Bakı, həm baş nazirin Brüssel səfərlərinin təxirə salınması, həm də Hava Qüvvətləri Qərargahı yaxınlığında terrorun olması da çaşqınlıq yaradır. Bir məqamın üstündə dayanmaq olmur, məqsəd də çaşdırmaqdır.
– Əvvəlki sualıma yenidən qayıdıb daha konkret cavab istəyirəm, Türkiyə Suriyaya girəcəkmi?
– Mən qəti heç nə deyə bilmərəm, yalnız ehtimal irəli sürə bilərəm ki, terror hadisəsi Türkiyənin Suriyaya müdaxilə arqumentlərini artırır, sülh tərəfdarı olanların əl-qolunu bağlayır. Elə bir durum yaranıb ki, terrorla mücadiləyə qarşı çıxanların sayı azalacaq. Amma 100 faiz deyə bilmərəm ki, Türkiyə Suriyaya hərbi müdaxilə edəcək. Çünki Türkiyə ABŞ kimi supergüc dövlət deyil, yaxud Rusiya kimi nüvə silahı yoxdur ki, bundan özünün güc vasitəsi olaraq istifadə etsin. Türkiyə bölgədə güc olmağa çalışan dövlətdir, ona görə hərəkətlərini böyük güclərin dəngələrini nəzərə alaraq istiqamətləndirir. Bugünə qədər Türkiyəni Suriyaya hərbi müdaxilədə suçlamaq doğru deyil, indiyə qədər girməyib, 16 fevral terroruna qədər də belə niyyəti olmayıb.
–
Son hadisələrin, yəni terrorun Cənubi Qafqaza və Azərbaycana sıçraması və Moskvanın təzyiqləri ehtimalı nə qədərdir?
– Terrordan heç bir ölkə sığortalanmayıb. Azərbaycan və Cənubi Qafqazda terror var və davam edir, nə zaman bitib ki?! Ermənistanın metro stansiyalarında törətdiklərini nə tez unutduq? Neft Akademiyasındakı məlum terror yaddan çıxıbmı? Yaxud Gəncədə, Zaqatala və şimal rayonlarındakı terror qruplarla qarşıdurmanı unutduqmu? Təəssüf ki, Azərbaycan toplumu bu hadisələri tez unudur. Azərbaycan terrordan sığortalanmayıb. Əgər 20 faiz ərazilərimiz işğal altındadırsa, bu, terror deyilmi? 1 milyondan çox insan məcburi köçkündürsə, terror davam edir. Azərbaycan rəsmiləri sabitlikdən elə danışır ki, sanki hər şey normaldır. Elə deyil, səhv edirlər. Məgər, Azərbaycanın təhlükəsizlik xidmətləri güclüdürmü? Nə tez unutdular MTN rəhbərliyində olanların hərəkətlərini? Neçə general həbs olundu? Rəsmilər sabitlikdən elə danışırlar ki, sanki Azərbaycan güclü dövlət olduğu üçün terror olmur. Və Türkiyə zəif olduğundan terror olur. Onsuz da Azərbaycanın başı bəladadır. Qarabağ məsələsi Rusiyanın bölgədəki xarici siyasətində əsas təzyiq vasitəsidir. Moskva istədiyi vaxt Qarabağ problemini Azərbaycanın başına bəla edəcək. Baş nazir Davudoğlu Kiyevdə Azərbaycan torpaqlarının Rusiyanın dəstəyilə işğal olunduğunu elə-belə demədi. Bizdə bunu deyirdik, amma bu dəfə Türkiyənin birinci şəxsindən bəyanat gəldi. Davudoğlunun bəyanatına sevinmək əvəzinə, bundan Azərbaycanda faciə yaradırlar. Sanki Ankara Bakı-Moskva münasibətlərini pozacaq. Bakı-Moskva münasibətlərini Ankara pozmur. Rusiya-Ermənistan hərbi anlaşması yoxdurmu? Yaxud Ermənistan Kollektiv Təhlükəsizlik Təşkilatının üzvü deyilmi? Bu mənada bölğədə müharibə başlasa, Rusiyanın hansı tərəfdə olacağı bəllidir.
–
Çox qəribədir ki, Davudoğlunun bəyanatının səhəri günü Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Bəşər Əsədi Suriyanın legitim və təhlükəsizlik təminatçısı olan prezidenti hesab etdi. Bu, Davudoğluna cavab sayıla bilərmi?
– Mən bunu bir diplomatın Azərbaycan hökumətinin qəbul etdiyi qərara tərs cavabı sayıram. İki il əvvəl Azərbaycan hökuməti Suriya rejimini dəyərləndirən qərar qəbul edibsə, indi necə legitim sayırlar, anlaşılmır. Söhbət Suriyanın İslam Əməkdaşlıq Təşkilatından çıxarılmasına Azərbaycanın dəstək verməsindən gedir. Bu mənada Əzimovun açıqlaması çox uğursuzdur. Hesab edirəm ki, Azərbaycan beynəlxalq məsələlərdə tərəfsiz olmalıdır. 400 min insanın ölümünə, 10 milyondan çox insanın vətənindən didərgin düşməsinə bais olmuş bir şəxsi necə legitim prezident saymaq olar? Ona görə Azərbaycan bu xaotik vəziyyətə müdaxilə etməməli, sadəcə, dünya ictimaiyyətinin yanında dayanıb barışa çağırmalıdır.