Nazirlər və həmsədrlər

Mənbə: meydan tv

Başlıq: Nazirlər və həmsədrlər

Tofiq Zülfüqarov: Dağlıq Qarabağda sülhün dəstəklənməsi əməliyyatı bu gün aktual deyil

İlqar Vəlizadə: ''Humanitar addımların reallaşması üçün heç nə edilmir''

Azərbaycan və Ermənistan XİN başçılarının iyunun 21-də Vaşinqton görüşünün müsbət nəticəsi kimi Minsk Qrupu (MQ) həmsədrlərinin tərəflərə yenidən baxılması üçün sənədlər təqdim etməsi oldu.

Bu barədə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Bakıda mətbuat konfransında bildirib.

Vasitəçilərin təqdim etdiyi sənədin mahiyyətinə toxunan nazir qeyd edib ki, söhbət “artıq müzakirə olunan” təkliflərdən gedir.

Elmar Məmmədyarov bildirib ki, təkliflərin mahiyyəti ATƏT MQ həmsədrlərinin bu ilin 9 mart tarixli bəyanatında əksini tapıb:

“Bizim bununla razı olub-olmadığımız başqa məsələdir”.

Görüşdə qoşunların təmas xəttində atəşkəsin qorunması məsələsi müzakirə olunub. Elmar Məmmədyarovun sözlərinə görə, cəbhədə vəziyyət siyasi nizamlanma üzrə konkret danışıqlara maneə olmamalıdır.

“Əvvəlcə qoşunların təmas xəttində sakitliyi bərpa edib sonra danışıqlar aparmaq mütləq deyil. Substantiv danışıqlar aparmalıyıq. Hazırda həmsədrlərin 9 mart tarixli bəyanatı əsasında işləyirik. Biz bu sənədin bəzi məqamları ilə razıyıq, bəziləri ilə razı deyilik. Bu bəyanatda yazılıb ki, ilk növbədə erməni qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır. Bütün digər məsələlər sonra həll edilə bilər”.

Nazir həmsədrlərin sənədləri üzərində 1-2 ay işləməli olacaqlarını bildirib.

O qeyd edib ki, sənəd ciddi şəkildə təhlil edilməlidir. Tərəflər həmsədrlərin nazirlərə yeni görüşü 2-3 ay sonra təklif edəcəkləri barədə razılığa gəliblər.

“Münaqişənin həlli mərhələli olmalıdır və ilk növbədə Azərbaycanın işğal edilmiş ərazilərini azad etmək lazımdır. Ermənistan tərəfi hər dəfə “təhlükəsizlik”, “Dağlıq Qarabağın statusu” məsələlərini qaldırır. Təhlükəsizliyə gəlincə, regionda sülhməramlı qüvvələr yerləşdirilə bilər. Həmsədrlər bunun üzərində işləməlidir”, nazir deyib.

ABŞ-ın Azərbaycanda səfiri Örl Litsenberqer nazirlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarının ABŞ-da keçirilməsindən razı qaldıqlarını bildirib.

Səfir “Turan” İnformasiya Agentliyinə bildirib ki, görüşün məqsədi sülh yolu ilə nizamlama üzrə danışıqların davam etdirilməsinin dəstəklənməsi olub:

“Nazirlərin Dağlıq Qarabağla bağlı yeni görüş keçirilməsi barədə razılığa gəlməsi bizi sevindirir”.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Meydan TV-yə deyib ki, sülhməramlı qüvvələr yalnız razılaşma olanda aktuallıq kəsb edə bilər.

Tofiq Zülfüqarov

Tofiq Zülfüqarov

Mənbə: meydan.tv

“Deməli, razılaşma əldə olunur, memuarandum imzalanır və orada bütün tərəflər, yəni konfliktə olanlar da, beynəlxalq qüvvələr də sülhə təminat verirlər. Bu məsələdə sülhməramlı qüvvələrin, tərəflərin funksiyaları bütün detallarına qədər aydınlaşdırılır və razılaşdırılır”.

Onun sözlərinə görə, sülhün dəstəklənməsi əməliyyatı bu gün aktual deyil.

“Çünki özündə konkret məsələləri ehtiva edən sənəd yoxdur. Tərəflər hələ ortaq nəticəyə gələ bilmədikləri tezisləri müzakirə edirlər. Ona görə indi sülhün dəstəklənməsi haqqında danışmaq bir qədər qəribədir”.

Tofiq Zülfüqarov deyib ki, sülhməramlı qüvvələr barədə nazir Məmmədyarov 15 ildir müzakirə olunan məsələni xatırladıb, yeni bir şey yox və Ermənistan da bunu qəbul etmir:

“Ancaq BMT-nin Nizamnaməsinin 51-ci fəslinə əsasən, təcavüzü dayandırmaq üçün birbaşa sülh sazişini həyata keçirə bilərik və birtərəfli olaraq bunu edə bilərik. Bizim belə bir haqqımız var”.

Siyasi icmalçı İlqar Vəlizadə Vaşinqtonda müzakirə olunan məsələlərin Moskva görüşündən irəli gəldiyini deyib:

“Moskvada humanitar məsələlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb. Xüsusu olaraq jurnalistlərin regiona səfəri bu sıraya daxil idi. Yəni danışıqlar prosesində müsbət fon yaratmaq üçün humanitar addımların atılmasının vacibliyi vurğulanırdı. Vaşinqtonda da çox güman ki, humanitar addımların reallaşması barədə fikir mübadiləsi aparılıb. Bununla danışıqlarda müəyyən irəliləyişin olması üçün münasib fon yaratmaq istəyirlər”.

Onun fikrincə, müsbət fon yaranarsa, məcburi köçkünlərin qayıtması mümkündür.

“Amma məcburi köçkünlərin qayıtması təhlükəsizlik məsələlərinin həlli ilə bağlıdır. Ona görə sülhməramlı qüvvələrin regiona daxil olmasına kompleks yanaşılmalıdır”.

İlqar Vəlizadə

İlqar Vəlizadə

Mənbə: meydan.tv

İ.Vəlizadə aparılan müzakirələrin məhsuldar olacağını indidən söyləməyin çətin olduğunu hesab edir:

“Təcrübə göstərir ki, humanitar addımların reallaşması üçün heç nə edilmir. Ən azı siyasi rəhbərlərin ritorikasında müəyyən dəyişikliklər olmalı idi. Ancaq bu yoxdur. Məsələn, futbolçu Mxitaryanla bağlı məsələdə sülh diplomatiyasının əlamətlərini göstərmək olardı. Erməni tərəfi futbolçunun Bakıya gəlməsini dəstəkləmək əvəzinə, Baş Nazir Paşinyan dedi ki, Mxitaryan düz edib Bakıya getmədi. Bu, Ermənistanın Azərbaycana etibar etmədiyini göstərir”.

İ.Vəlizadə qeyd edib ki, etibarsızlıq şəraitində də hansısa humanitar addımların atılması da mümkün deyil.

“Belə olanda danışıqların aparılmasının nə dərəcədə məhsuldarlığı sual altındadır. Ona görə Vaşinqton görüşünün uğurlu olmasını zaman göstərəcək. Əgər yaxın aylarda müəyyən dəyişikliklər olacaqsa, deməli, görüş məhsuldar olub. Əks təqdirdə, cəbhədə gərginlik yaranacaqsa, danışıqlar imitasiyanı xatırladacaq”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wat5g1

Ən çox baxılan