Tofiq Zülfüqarov: “Brüsseldə görüntü yaratmaq istəyi var idi”

Nikol Pashinyan, Charles Michel and Ilham Aliyev. Source:

Mehman Əliyev: “Ermənistan Avropadan gözlədiyini görmədi”

Ötən həftə Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə baş tutan Azərbaycan və Ermənistan liderlərinin görüşünü bir sıra ekspert danışıqlar prosesində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirdi. Bu, Aİ vasitəçiliyi ilə olan sayca ikinci görüş idi. İlk belə görüş 2021-ci ilin dekabrın 15-də baş tutdu. Görüşün ən mühüm məqamı isə iki ölkə araında sülh müqaviləsi üzrə danışıqların başlanması üçün işçi qrupun yaradılması ilə bağlı XİN rəhbərlərinə müvafiq təlimatların verilməsi oldu.

Görüşün nəticələrinə optimist yanaşanlara opponentlik edənlər, bu məsələdə Rusiya faktorunun daha güclü olduğunu və onun Brüsselə vasitəçilik məsələsində təşəbbüsü ələ almasına imkan verməyəcəyini qeyd ediblər. Bu mövqedə dayananlar Brüssel görüşünün səhəri günü Ermənistan XİN rəhbərinin Moskvaya səfər edib, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşməsini və Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 19-a Moskvaya səfərinin anonsunu arqument kimi göstərirlər.

“Brüssel görüşündə real irəliləyiş olmayıb”

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov hesab edir ki, Brüssel görüşünü real vasitəçilik kimi qiymətləndirmək hələ tezdir.

“Real vasitəçilik üçün hansısa sənədlər olmalı və bu sənədlərdə gələcək sazişlərin elementləri yer almalıdır. Amma biz bunları görmədik, sadəcə, deklarasiya şəklində müzakirələr keçirildi. Ona görə Bu mənada Rusiyanın narahatlığı üçün o qədər də əsaslar yoxdur”, – o deyib.

Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Moskvaya səfərinə toxunan diplomat deyib ki, hamı bu ölkənin xarici siyasətində sərbəst olmadığını başa düşür. Onun fikrincə, bu baxımdan Ermənistanın Qərb istəkləri, həm də Rusiyadan dəstək almaq istəkləri və təhlükəsizliyinin təmin olunması göz önündədir.

“Bu da Ermənistanın köhnə xarici siyasətinin ziddiyyətidir. Ziddiyyət ondan ibarətdir ki, Ermənistan təhlükəsizlik təminatlarını Rusiyadan, amma geopolitik, iqtisadi investiyaları Qərbdən almaq niyyəti güdür. Mirzoyanın səfəri də bununla bağlıydı”, – Tofiq Zülfüqarov hesab edir.

O, Nikol Paşinyanın da Moskvaya aprelin 19-da gözlənilən səfərini Mirzoyanın səfərinin davamı kimi qəbil edir.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov, Foto: Axar.az

Tofiq Zülfüqarov ümumiyyətlə Brüssel görüşündə real irəliləyişin olmadığı qənaətindədir. O deyib ki, həmin görüşdə görüntü yaratmaq istəyi var idi. Keçmiş nazirin fikrincə, belə bir görüntü yaratmaq Azərbaycanın da, Ermənisanın da istəkləri ilə üst-üstə düşürdü. O qeyd edib ki, Avropa İttifaqının bu bölgədə təsir imkanları o qədər də real deyil və hər iki tərəf sadəcə, bu və ya digər maliyyə yardımları almaq üçün Avropa İttifaqına xoş gəlmək naminə addımlar atırdı.

“Ermənistan guya Azərbaycanın təqdim etdiyi beş prinsipi qəbul edib, amma bir gün sonra bunları inkar edən bəyanat yayır. Misal üçün, ərazi bütövlüyünü tanıyırlar, amma Qarabağ məsələsi həll olunandan sonra”, – Tofiq Zülfüqarov deyib.

Bundan başqa, Brüssel görüşündən sonra hər iki ölkənin liderinin Rusiya Prezidenti Vladimir Putinə zəng vurmasının Cənubi Qafqazda real təsirin Rusiyanın əlində olduğunu bir daha göstərir.

“Azərbaycan da bu və ya digər şəkildə buna önəm verir və diqqətində saxlayır. Çünki Minsk Qrupundan fərqli olaraq Rusiyanın regionda fəaliyyəti Türkiyə ilə bağlıdır. Bu baxımdan Azərbaycan həmişə bu formata üstünlük verir. Bu məsələdə strateji maraqlar var, Azərbaycan bu formatı saxlamaq üçün lazımı bəyanatlar verməkdədir”, – keçmiş nazir vurğulayıb.

O hesab edir ki, bu, Azərbaycan üçün əlverişli şərait yaradır. Bizi barışdırmaq istəyən Minsk Qrupunun həmsədr dövlətləri bir-biriylə az qala müharibə səviyyəsindədirlər.

“Əslində, seçim iki formatın arasındadır. İkinci format olan Rusiya-Türkiyə formatı taktiki baxımdan bizim xeyrimizədir”, – Tofiq Zülfüqarov deyib.

“Moskvanın hərəkətləri Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənib”

Məsələni Meydan TV üçün şərh edən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib ki, Brüssel görüşü Avropa İttifaqının problemin çözülməsində maraqlı olduğunu və tərəflərlə danışıqlar aparıb onları bir araya gətirmək üçün səyinin göstəricisidir.

“Ancaq Avropa Birliyinin Minsk Qrupunu və ya Rusiya, Azərbaycan və Ermənistan sazişini əvəz etməsindən söhbət getmir. Məsələn, 9 noyabr 2020-ci il sazişi, bu formatda birinci növbədə hərbi komponentdir, sülhməramlı qoşunların iştirakı, ikincisi kommunikasiyalarən açılmasıdır, demarkasiya və demilitasiya məsələləri sonradan gündəmə gəldi”, – o deyib.

Mehman Əliyev qeyd edib ki, texniki məsələləri Rusiya həll edir və bu, Moskvanın eksklüziv hərəkəti deyil, əslində, Minsk Qrupu həmsədrləri tərəfindən dəstəklənib.

Mehman Əliyev, Foto: Meydan TV

Ermənistan XİN rəhbərinin, sonra isə Baş nazirin Moskvaya səfərlərini ekspert Moskvanın Yerevanı öhdəliklərin yerinə yetirilməli olduğunu başa salmaq niyyəti kimi qiymətləndirir.

“Ümumiyyətlə, demilitasiya, sazişin hazırlanması, kommunikasiyaların açılması, bunlar hamısı Rusiyanın patronajlığı altında gedir və Avropa İttifaqı da buna faktiki dəstək verir. Brüssel də “biz də eyni mövqedəyik” deyir, yəni başqa mövqe yoxdur. Ona görə Nikol Paşinyanın Brüssel görüşündə sifətinə baxsan, kifayət qədər qəmli olduğu görünürdü. Bu, onu göstərir ki, Ermənistan Avropadan gözlədiyini görmədi. Elə xarici işlər naziri Mirzoyana da Moskvada dedilər ki, proses bu istiqamətdə getməlidir. Nikol Paşinyana da eyni şeyi deyəcəklər”, – direktor hesab edir.

Bununla yanaşı Mehman Əliyev hesab edir ki, 44 günlük müharibə zamanı və sonra Rusiya hər hansı ermənipərəst siyasət aparmayıb, Azərbaycana qarşı da mövqeyi dəyişməyib.

“Bu günlərdə iki Rusiya parlamentarisi danışdı, sonuncu Delyaqin idi. Onlar Azərbaycana qarşı sərt çağırışlar etmişdi. Kreml də hər ikisini dərhal otuzdurdu. Bu, özü-özlüyündə Kremlin münasibəti idi. Rusiya siyasi dairələrində müxtəlif münasibətlər mümkündür, bəlkə daha çox ermənipərəst ola bilər. Amma fakt ondan ibarətdir ki, Qarabağ məsələsi 44 günlük savaşın əsasında bağlanmış sazişə görə həyata keçirilməlidir”, – Mehman Əliyev bildirib.

Ana səhifəSiyasətTofiq Zülfüqarov: “Brüsseldə görüntü yaratmaq istəyi var idi”