Adil Qeybullanın Tofiq Yaqublunu müayinə etməsinə şərait yaradılıb
Milli Şuranın və Müsavat Partiyasının üzvü, yanvarın 5-dən həbsdə aclıq edən Tofiq Yaqublu yanvarın 11-də axşam saatlarında Bİnəqədi rayonunda yerləşən 6 saylı xəstəxanaya yerləşdirilib.
Bu barədə Meydan TV-yə onun qızı Nigar Həzi məlumat verib.
Nigar Həzi deyib ki, xəstəxanaya köçürülməsinə baxmayaraq, o, aclığı davam etdirir.
O bildirib ki, yanvarın 11-də günorta saatlarında professor Adil Qeybullanın təxridxanada Tofiq Yaqublunu müayinə etməsinə şərait yaradılıb.
Adil Qeybulla təcridxanaya vəkil Nemət Kərimli ilə birlikdə gedib:
“Həkim Adil Qeybulla müayinədən sonra atanın vəziyyətinin son dərəcə kritik olduğunu, təzyiqinin 80-60-a düşdüyünü deyib. Oturub-qalxanda başgicəllənmələri olur, özünü çox halsız hiss edirmiş. Həkim bildirib ki, Tofiq Yaqublu dərhal xəstəxanaya köçürülməsə, hər an səhhətində geridönməz hal baş verə bilər”.
Bundan sonra Nigar Həzi atasının durumuyla bağlı təcili tədbir görülməsi üçün sosial şəbəkələr vasitəsilə daxili işlər naziri Vilayət Eyvazova müraciət edib:
“Təcili tədbir görməsəniz, Tofiq Yaqublu öləcək. Bunun məsuliyyətini siz və İlham Əliyev daşıyırsınız…”
Nigar Həzi əlavə edib ki, onlar Tofiq Yaqublunun həkim Adil Qeybullanın nəzarəti altında olması üçün onun işlədiyi hospitala köçürülməsini istəyiblər.
Tofiq Yaqublunun həyat yoldaşı Maya Yaqublu isə yanvarın 7-dən ona dəstək olaraq, başladığı aclıq aksiyasını davam etdirir.
Yanvarın 10-da axşam saatlarında onun durumu pisləşib, təcili tibbi yardım çağrılıb. Buna baxmayaraq, Maya Yaqublu aclığı dayandırmayıb.
Həmçinin müsavatçı fəal Əziz Məmiyev və 13 AXCP üzvü də Tofiq Yaqubluya dəstək məqsədilə başladıqları aclığı davam etdirir.
Tofiq Yaqublunun xəstəxanaya yerləşdirilməsi barədə məlumatı Daxili İşlər Nazirliyi də Meydan TV-yə təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, yanvarın 11-də həkim Adil Qeybulla İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzində Tofiq Yaqublu ilə görüşüb. Həkimin məsləhətiylə siyasətçi ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb.
Onun müalicəsini xəstəxanada davam etdirəcəyi, yoxsa təcridxanaya geri qaytarılacağına gəlincə, bu suala belə cavab verilib:
“Tibbi müayinənin nəticəsindən asılı olaraq, müvafiq qərar qəbul ediləcək”.
Tofiq Yaqublu insan haqlarının pozulması, o cümlədən ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq, 23 dekabrda Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında saxlanılıb.
O, həmin gün Səbail rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib və ona 30 sutka inzibati həbs cəzası kəsilib.
Tofiq Yaqublu Fəvvarələr meydanında polislər tərəfindən saxlanılarkən jurnalistlər həmin anları çəkiblər.
Videodan görünür ki, Tofiq Yaqublu daha bir nəfərlə birlikdə gəlir.
“Mc Donald’s”ın qarşısında jurnalistlər onlara yaxınlaşanda polislər hücum edərək Tofiq Yaqublunu götürüb aparırlar.
Siyasi fəalın səsi eşidilir, o, polislərdən qolunu möhkəm sıxmamalarını istəyir. Bildirir ki, qolu zədələnib.
Bakı Apelyasiya Məhkəməsində yanvarın 5-də hakim bu görüntülərə baxsa da, şikayəti təmin etməyib – 30 sutkalıq həbs qərarı qüvvədə saxlanılıb. Bundan sonra Tofiq Yaqublu aclığa başladığını elan edib.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
Bundan öncə 2021-ci il dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq!” tələbiylə keçirilən etiraz aksiyasında saxlanmışdı, həmin gün axşam saatlarında buraxılmışdı.
Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu buraxılarkən Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı.
Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi.
Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi.
Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib və belə nəticəyə gəlib ki, Tofiq Yaqublu özü-özünə xəsarət yetirib.
Ondan öncə də Tofiq Yaqublu Milli Şuranın 19 oktyabr 2019-cu ildə keçirdiyi etiraz aksiyasında saxlanmışdı, ona 30 sutka həbs cəzası verilmişdi. Həmin vaxt da apelyasiya məhkəməsində siyasi fəal ona verilən işgəncələrdən danışmışdı.
Üç dəfə isə barəsində cinayət işi başlanıb, illərlə həbsdə saxlanıb.