Tofiq Yaqublunun telefon danışıqlarına məhdudiyyət qoyulub

Tofiq Yaqublu. İllüstrasiya: Meydan TV

Həbsdə olan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun telefon danışıqlarına məhdudiyyət qoyulduğu deyilir.

Bu barədə siyasətçinin qızı Nigar Həzi “Facebook” səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə zəng müddəti 15 dəqiqə olsa da, əlaqə vaxtından əvvəl kəsilib.

İndi ata ilə danışırdıq. Heç 4 dəqiqə deyildi ki, danışırdıq telefon zəngini kəsdilər. Halbuki qanunla 15 dəqiqə danışmaq hüququ var”, – deyə Nigar Həzi yazıb.

Nigar Həzi yazıb ki, 1 saylı Bakı İstintaq Təcridxana rəisi Eınur İsmayılov Prezident Administrasiyasından gələn əmrləri icra edir və bunu gizlətmir.

O, Yaqublunun telefon zənglərinin bərpa edilməsini tələb edib.

Tofiq Yaqublu fevralın 25-də saxlanıldığı kamerada aparılan axtarışa mane olduğuna deyildiyi üçün 1 həftəlik karser cəzası alıb. Ailəsi bu qərarın siyasi motivli olduğunu deyir və bunu ABŞ-də oğlu Rəhim Yaqublunun etiraz aksiyasından sonra baş verən “qisas” kimi qiymətləndirir.

Yaqublu karserə salınmasına və beynəlxalq ictimaiyyətin Azərbaycandakı insan haqları pozuntularına səssiz qalmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub.

O, 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.

Yaqublu bu ittihamlara etiraz olaraq 2025-ci il aprelin 1-dən mayın 10-dək – 40 gün aclıq aksiyası keçirib.

Bundan öncə də Tofiq Yaqublu bir neçə dəfə uzunmüddətli və inzibati həbslərə məhkum edilib. Döyülüb, işgəncələrə məruz qalıb və dəfələrlə aclıq aksiyası keçirib.

Ana səhifəSiyasətTofiq Yaqublunun telefon danışıqlarına məhdudiyyət qoyulub