Qanaxma olduğu ücün həkim nəzarətində saxlanılıb
Bu barədə MeydanTV-yə məhbusun qızı Nigar Yaqublu xəbər verib. O bildirib ki, bir həftə öncə atası zəng edib və bildirib ki, böyrəyində daş olduğu üçün ağrılar kəskinləşir. Mərkəzi hospital və həbsxana həkimləri gələrək, müxtəlif iynə və dərmanlardan istifadə ediblər: “Zəng edərkən bu barədə heç nə demədi. Bu günlər ərzində qanaxması olub, sistem köçürüblər. Dünən axşam zəng edib, səhhətinin az da olsa yaxşılaşdığını dedi”.
Lakin Nigar Yaqublu narahatdır, “istər-istəməz həbsxana şəraitidir” deyir.
Tofiq Yaqublu 13 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. O, 2014-cü il 17 Martda 5 il müddətinə azadlıqdan məhrum olunub. Yaqubluya qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb.