Tofiq Yaqublunun qızı: “Xahiş edirəm, səsimiz olun”

Foto: Meydan TV

Nigar Həzi həkim Adil Qeybullanın Tofiq Yaqublunun yanına buraxılmayana qədər özünün və ailəsinin müalicə müəssisəninin önündən getməyəcəyini deyir

39 gündür ki, aclıq aksiyası keçirən Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi bu gün, mayın 9-da atasının yerləşdirildiyi müalicə müəssisənin önündən canlı yayım açaraq, ölkə ictimaiyyətinə müraciət edib.

“Bu gün 39 gündür ki, Tofiq Yaqublu aclıq edir. Mən və bütün ailəm müalicə müəssisəsinin önündəyik. Heç ürəkaçan xəbərlər gəlmir içəridən. Həyatı təhlükə altındadır, hər an həyatını itirə bilər. Bu müddət ərzində hələ də həkim Adil Qeybulla onun yanına buraxılmır. Biz ailə olaraq tələb edirik ki, Adil Qeybulla gəlsin, onu buraxsınlar içəri”, – Nigar Həzi şəxsi “Facebook” hesabından paylaşdığı video-müraciətində deyir.

Adil Qeybulla Tofiq Yaqublunun yanına buraxılmayana qədər özünün və ailəsinin müalicə müəssisəninin önündən getməyəcəyini deyən Nigar Həzi həm də ictimaiyyətə müraciətlə “Xahiş edirəm, səsimiz olun”, – deyə bildirir.

Tofiq Yaqublu 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

O, aprelin 1-dən azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirir.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.

Siyasətçi ittihamları qurama sayır.

Bu, Tofiq Yaqublunun ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.

Dünən, mayın 8-də siyasi və ictimai xadimlər həbsinə etiraz olaraq aclıq aksiyası keçirən Yaqublunun vəziyyəti ilə bağlı İlham Əliyevə müraciət ünvanlayıblar.

Həkim Adil Qeybulla, şair, VHP sədri Sabir Rüstəmxanlı, bəstəkar Cavanşir Quliyev, jurnalist Qulu Məhərrəmli, deputat Erkin Qədirli və başqalarının imza atdığı müraciətdə bildirilir ki, Tofiq Yaqublunun keçirdiyi aclıq aksiyasının yaratdığı fiziki-psixoloji fəsadlar onun həyatını real təhlükə altına alır.

“Sizdən rəhbərlik etdiyiniz ölkənin vətəndaşı kimi Tofiq Yaqublunun həyatını xilas etmək üçün iradə göstərməyinizi xahiş edirik”, – müraciətdə deyilir.


Ana səhifəXəbərlərTofiq Yaqublunun qızı: “Xahiş edirəm, səsimiz olun”