Tofiq Yaqublunun qızı onun mülki xəstəxanaya köçürülməsini tələb edir

Tofiq Yaqublu. Foto: Meydan Tv

“Penitensiar Xidmətin Müalicə Müəssisəsi onun hazırkı vəziyyətdə saxlanılması üçün uyğun deyil”, – Nigar Həzi deyir

40 günlük aclıq aksiyasından sonra səhhətində ciddi problemlər yaranan müxalif siyasətçi Tofiq Yaqublu hələ də mülki xəstəxanaya köçürülməyib.

Qızı Nigar Həzinin Meydan TV-yə bildirdiyinə görə, bununla bağlı dəfələrlə müəssisə rəhbərliyinə və Penitensiar Xidmətə edilən müraciətlər nəticəsiz qalıb.

 “Tofiq Yaqublu 40 günlük aclıqdan sonra mütləq mülki xəstəxanaya köçürülməli idi. Çünki Penitensiar Xidmətin Müalicə Müəssisəsi onun hazırkı vəziyyətdə saxlanılması üçün uyğun deyil. Tofiq Yaqubluya xüsusi qulluq lazımdır, ailəsinin himayəsində olmalıdır. Eyni zamanda da həkiminin daimi müşahidəsi altında olmalıdır. Təəssüf ki, məhkəmə Tofiq Yaqublunu nə ev dustaqlığına buraxdı, nə də mülki xəstəxanaya köçürülməsinə şərait yaradıldı”, – Nigar Həzi deyir.

Tofiq Yaqublu həbsinə etiraz olaraq aprelin 1-dən başladığı aclıq aksiyasını 40 gün sonra – mayın 10-da səhhəti kəskin pisləşəndən sonra qızının xahişi ilə dayandırıb.

O, 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.

Siyasətçi ittihamları qurama sayır.

 Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib.

5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamı ilə həbs olunub.

İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 ay azadlıqdan məhrum edilib.

Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib.

Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə o, ev dustaqlığına buraxılıb.

2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

Ana səhifəXəbərlərTofiq Yaqublunun qızı onun mülki xəstəxanaya köçürülməsini tələb edir