“Heç bir variant istisna olunmur, o cümlədən də bu versiya”
Səbail Rayon Məhkəməsində Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun işgəncəyə məruz qalması haqda şikayətinə baxılıb. Siyasi fəal onun şikayəti üzrə prokurorluğun çıxardığı 30 dekabr 2021-ci il tarixli qərarın ləğvini tələb edir. Prokurorluq Tofiq Yaqubluya işgəncə verilmədiyi qənaətinə gələrək, cinayəti işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edib.
Martın 10-da Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyilə keçirilən prosesdə rəy vermiş ekspert dindirilib. Siyasi fəal və vəkili ondan soruşub ki, nəyə əsaslanaraq rəy verib ki, Tofiq Yaqublunun üzərindəki xəsarətlər onun özünün özünə xəsarət yetirməsi nəticəsində yarana bilərdi? Ekspert bildirib ki, heç bir variant istisna olunmur, o cümlədən də bu versiya.
Tofiq Yaqublu bildirib ki, onun işgəncəyə məruz qalması siyasi sifariş əsasında həyata keçirildiyinə görə prokurorluq icraçıları cəzalandırmaqda maraqlı olmayıb. Heç məhkəmənin də bu işi görəcəyinə inanmır və hakimdən də ədalətli qərar gözləmir:
“Bu, siyasi işdir, məhkəmə də görüntü naminə hansısa dindirmələr aparır. Hamıya məlumdur, mən də bilirəm ki, sonda sifarişli, ədalətsiz, qanunsuz qərar qəbul ediləcək”.
Bir neçə dəqiqəlik müşavirədən sonra hakim Azər Tağıyev şikayətin təmin olunmadığını elan edib.
Tofiq Yaqublu bildirib ki, Səbail Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verəcək. O əlavə edib ki, yerli məhkəmə instansiyalarını keçəndən sonra bu işi Avropa Məhkəməsi müstəvisinə çıxaracaq:
“Biz bu işi Avropa Məhkəməsinə aparacağıq. Başqa perspektiv görmürəm. İlham Əliyev ölkədə elə bir məhkəmə-hüquq sistemi yaradıb ki, bu sistemdə hüququn heç bir şansı yoxdur”.
Prokurorluq Tofiq Yaqublunun sosial mediada yayılan görüntülərində işgəncə əlamətlərinin olmadığı nəticəsinə gəlib. Cinayət-Prosessual Məcəlləsinin 39.1.1 (cinayət təqibini istisna edən hallar – cinayət hadisəsi olmadıqda) maddəsinə istinad edərək, siyasi fəalın şikayəti üzrə cinayət işi başlanmasının rədd edilməsi haqda qərar qəbul edib.
Tofiq Yaqublu hesab edir ki, bu qərar ona qarşı işgəncənin birbaşa ölkənin birinci şəxsinin razılığı və tapşırığıyla həyata keçirildiyini sübut edir:
“Bu qədər açıq şəkildə törədilmiş cinayətin ört-basdır edilməsinin bircə anlamı var: göstəriş almış adamlar Tofiq Yaqublunu rahatca öldürə də bilərlər, cəzasız qalacaqlarına əmin olsunlar”.
Daxili İşlər Nazirliyi Tofiq Yaqublunun polislər tərəfindən işgəncəyə məruz qalması haqda iddiaları təkzib edib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev hadisədən sonra verdiyi açıqlamada bildirib ki, siyasi fəalın polis bölməsində döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır.