Tofiq Yaqublunun hökmündən apelyasiya şikayəti verilib (yenilənib)

Qızı Nigar Həzi Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət edərək, Tofiq Yaqublunun hər gün ailəsilə telefon əlaqəsinin təmin olunmasını istəyib

Source: Meydan TV

***


Vəkil Aqil Layıc Tofiq Yaqublu ilə görüşüb. Bu barədə vəkil "Facebook" səhifəsində yazıb:


"Tofiq Yaqublu çox gec gəldi, halı yox idi, rəngi solmuş və əvvəlki tək yerimirdi, gözləri çuxura enmişdi sanki. Deyir ki, 91 kilodan 82 kiloya düşüb".


Vəkil Aqil Layıc xatırladıb ki, Tofiq Yaqublu 6 gündür aclıq aksiyası keçirir:


"Tofiq bəy deyir ki, müəssisə rəisinin müavini Rasim Əsgərov və psixoloq onunla görüşüb. Psixoloji durumuna görə akt tərtib etmək istəyiblər. İddia ediblər ki, sanki o, açlığı psixoloji vəziyyətinə görə edir. Amma psixoloji halı çox normal olduğunu qeyd edib, aclığı ədalətsizliyə qarşı etdiyini bildirib, psixoloji durumuna görə yox".

***


Müxalif fəalın özü və vəkili hələ də məhkəmə iclasının protokolları ilə tanış olmayıb

Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökmdən apelyasiya şikayəti verilib. Bu barədə məlumat verən vəkili Aqil Layıc bildirib ki, şikayəti sentyabrın 7-də səhər saatlarında məhkəməyə təqdim edib.

Tofiq Yaqublu və vəkilləri sentyabrın 3-də çıxarılmış hökmü hələ almayıb, məhkəmə iclas protokolları ilə tanış olmayıb. Vəkil hökmü almadan apelyasiya şikayəti verməsini Tofiq Yaqublunun altı gündür aclıq etməsi, vəziyyətinin hər keçən gün daha da pisləşməsilə izah edib. Müdafiəçi bildirib ki, məqsəd apelyasiya şikayətinə qısa müddətdə baxılması, Tofiq Yaqublunu həbsdən buraxmaq istəyi olarsa, bunun apelyasiya məhkəməsi vasitəsilə mümkünlüyüdür.

Apelyasiya şikayətində hökmün əsassız olduğu vurğulanıb, T.Yaqublu barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi istənilib.

Tofiq Yaqublunun saxlandığı 3 saylı istintaq təcridxanasında 6 gündür ki, aclıq etdiyi bildirilir. Qızı Nigar Həzi Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət edərək, Tofiq Yaqublunun hər gün ailəsilə telefon əlaqəsinin təmin olunmasını istəyib:

“İstintaq Təcridxanasının rəhbərliyi Tofiq Yaqublunun hər gün ailəsiylə telefonla danışmaq imkanı yaratmalıdır. Biz onun həyatına görə çox narahatıq və hər gün onun səsini eşitməsək, ona nəsə olduğunu düşünəcəyik”.

Tofiq Yaqublu ailəsilə sonuncu dəfə sentyabrın 5-də danışıb.

Nigar Həzi deyir ki, atası birbaşa Prezident İlham Əliyevin sifarişilə həbs olunub. Onun azadlığa buraxılması barədə qərarı da məhkəmələr yox, o verəcək. Nigar Həzinin sözlərinə görə, apelyasiya məhkəməsi də bu baxımdan fürsətdir: “Tofiq Yaqublu artıq 6 gündür ki, acdır. Ölümə hər gün bir az daha yaxınlaşır. İlham Əliyev bilməlidir ki, Tofiq Yaqublu məsələsi bardağı daşıran son damladır. Ya Tofiq Yaqublunu azad etməlidir, ya da onun qatili olaraq, xalq qarşısında cavab verməli olacaq. Bu məsələ Elmar Hüseynov məsələsi deyil ki, “qatili tapa bilmirik” desinlər. Tofiq Yaqublunun həbsinin sifarişini də İlham Əliyev verib və bu həbsin sonu Tofiq Yaqublunun ölümü ilə nəticələnəcəyi təqdirdə onun qatili də İlham Əliyev olacaq. Apelyasiya məhkəməsi Tofiq Yaqublunu azadlığa buraxmaq üçün bir fürsətdir. Əks təqdirdə, olacaqlara görə İlham Əliyev məsuliyyət daşıyacaq”.

Elə həmin gün "Human Rights Watch" və "Amnesty International" təşkilatları da Tofiq Yaqublunun azadlıqlan məhrum edilməsi haqqında bəyanat yayıblar.

Ana səhifəSiyasətTofiq Yaqublunun hökmündən apelyasiya şikayəti verilib (yenilənib)