Məhkəmə qərarından apelyasiya şikayəti veriləcək
Aprelin 21-də Nizami Rayon Məhkəməsində Müsavat Partiyası və Milli Şuranın fəalı Tofiq Yaqublunun ev dustaqlığına buraxılması məsələsinə baxılıb. T.Yaqublunun vəkili Elçin Sadıqov məhkəmyə T.Yaqublu haqqında həbs-qətimkan tədbirinin dəyişdirilməsi, onun ev diustaqlığına buraxılması barədə vəsatət vermişdi. Lakin məhkəmə vəsatəti təmin etməyib.
Nizami Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriləcək. Əgər apelyasiya məhkəməsi də təmin etməsə, o zaman T.Yaqublu haqqındakı həbs qərarından Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndəriləcək. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
T.Yaqublu isə martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı döyüb, xəsarət yetirib.
T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl “Facebook” hesabında yazmışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı”nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır…”
T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.
Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.