Tofiq Yaqublu reanimasiyadadır, amma aclığı dayandırmayıb

Hospitalda T.Yaqublunun sağlıq durumuna nəzarət edən həkim Adil Qeybulla sentyabrın 12-də jurnalistlərə bildirmişdi ki, bir gün sonra o, reanimasiyadan palataya köçürüləcək. Amma onu sentyabrın 13-də də palataya köçürməyiblər.

Foto: Meydan Tv


Onun ailəsilə əlaqə saxlamasına və vəkillərilə görüşünə icazə verilmir

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu 12-cü gündür ki, aclığı davam etdirir. Siyasi fəal sentyabrın 12-də Şüvəlandakı istintaq təcridxanasından mülki xəstəxanaya – “City Hospital”a köçürülsə də, aclığı dayandırmayıb. Bu barədə onun qızı Nigar Həzi məlumat verib.

Hospitalda T.Yaqublunun sağlıq durumuna nəzarət edən həkim Adil Qeybulla sentyabrın 12-də jurnalistlərə bildirmişdi ki, bir gün sonra o, reanimasiyadan palataya köçürüləcək. Amma onu sentyabrın 13-də də palataya köçürməyiblər.

“Həkim nəzarəti altında aclığı davam etdirir. Qida tərkibi olmayan sistemlər köçürülür. Bu gün ayağa qaldırıb gəzdiriblər. Amma renimasiyadadır…”, – deyə N.Həzi bildirib.

Qızı siyasi fəalın ailə üzvləri ilə əlaqə saxlamasına imkan verilməməsindən də narazılığını bildirib: “Biz onun xəstəxanaya köçürülməsini də “Facebook”dan oxumuşuq. Biz onun səsini eşitmək istəyirik. Əgər koma təhlükəsi yoxdursa, niyə palataya köçürülmür? Penitensiar Xidmət gərək buna aydınlıq gətirsin”.

Xəstəxanada T.Yaqublu Penitensiar Xidmətin əməkdaşlarının nəzarəti altındadır.

Xəstəxanada T.Yaqublunun vəkillərilə də görüşə bilmir. Onun vəkillərindən Aqil Layıc sentyabrın 12-də, Nemət Kərimli isə sentyabrın 13-də xəstəxanada hüquqlarını müdafiə etdikləri şəxslə görüşmək istəsələr də, icazə verilməyib.

Aqil Layıc bildirib ki, T.Yaqublunun mülki xəstəxanaya köçürülməsi Avropa Məhkəməsinin tələbi əsasında baş tutub: “Səhhətinin kritik olması və geridönülməz halların baş vermə ehtimalını, hər an kliniki koma vəziyyətinin yaşana biləcəyini nəzərə alıb, ailəsinin razılığıyla “aralıq tədbirlərin görülməsi” üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişdik, onun təcili müasir təminatlı xəstəxanaya köçürülməsini istəmişdik. Eyni zamanda, ailəsinin seçdiyi həkimin – professor Adil Qeybullanın nəzarətində olmasını tələb etmişdik. İki dəfə kommunikasiya oldu. Sentyabrın 11-də olan sonuncu kommunikasiyadan sonra tələblərimiz dərhal dövlətə yönəldi. Sentyabrın 12-də Tofiq Yaqublunun “City Hospital”a köçürülməsi həmin prosesin nəticəsidir”.

A.Layıcın sözlərinə görə, o da müvəkkilini dəfələrlə aclığı dayandırması üçün yola gətirməyə çalışıb, amma cəhdləri nəticəsiz qalıb: “Onun “City Hospital”a köçürülməsi aclığı dayandırması anlamına gəlmir. Sadəcə, kliniki koma vəziyyəti olacağı halda, reanimasyon tədbirlərə hesablanıb”.

Martın 22-dən həbsdə olan T.Yaqublu sentyabrın 3-də Nizami rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Ana səhifəSiyasətTofiq Yaqublu reanimasiyadadır, amma aclığı dayandırmayıb