Tofiq Yaqublu: Onun yaddaşında yox, ləyaqətində problem var

Vəkillər də vurğulayıb ki, məhkəmə başlanandan bu yana müdafiə tərəfinin qaldırdığı vəsatətlərin heç biri təmin edilməyib.

Source: Foto: sosial şəbəkə


Hakim vəsatətləri təmin etməyib

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun işi üzrə cinayət işinin materiallarının saxtalaşdırıldığı, istintaq başa çatandan sonra sənədlərə dəyişiklik edildiyi iddia olunur. Bu məsələnin araşdırılması üçün də işi aparan müstəntiq – Nizami Rayon Polis İdarəsinin mayoru Ramil Əliyevin məhkəməyə çağrılıb dindirilməsi tələb edilir. Avqustun 19-da Nizami Rayon Məhkəməsində T.Yaqublunun vəkilləri bu barədə vəsatət qaldırıblar.

Məhkəmə iclasının əvvəlində T.Yaqublu növbəti dəfə telefon anten məlumatlarının alınması məsələsini qaldırıb. Tələb edir ki, onun təhqir etdiyi, xəsarət yetirdiyi iddia olunan ər-arvad Cəbrayılovların hadisə günü harada olduqlarını araşdırmaq məqsədilə onların mobil telefonlarının əhatə dairəsilə bağlı məlumatlar mobil operatorlardan alınsın. T.Yaqublu bildirir ki, həmin məlumatlar alınsa, Cəbrayılovların yalan danışdıqları, hadisə günü onu güddükləri üzə çıxacaq. Amma Nizami Rayon Məhkəməsində bu işə baxan hakim Nəriman Mehdiyev vəsatəti təmin etmir. Avqustun 19-da məhkəmədə yenidən bu haqda vəsatət qaldırılanda hakim T.Yaqubluya xəbərdarlıq edib:


– Məhkəmə qaydaları var, onlara əməl etməyə borclusuz. Hakimin icazəsi olmadan danışmaq, şahidin sözünü kəsmək olmaz. Məhkəməyə, hakimə hörmət etməlisiniz.


– Məhkəmə olanda qaydaları izah edərsən. Kimə hörmət edək, sənə? Sən hakim deyilsən axı… Bu zala hakim gələndə mən sakit olacam.


– Məhkəmənin hazırlıq iclası keçirilib, qərar verilib. İndi baxış iclasıdır. Mən hakim deyiləm? Verdiyiniz vəsatətlərin əsası olmayıb, təmin edilməyib. Baxılmamış saxlanılanlara da demirəm ki, baxmıram. Vaxtı çatanda o məsələyə baxılacaq. Qanunvericiliyə əsasən…


– Mənə tez-tez “qanun” deməyin. Qanun var burada? Qanun olsaydı, mənim burada nə işim vardı? Mənimlə bağlı sifarişi verənlər burada olardı…

Vəkillər də vurğulayıb ki, məhkəmə başlanandan bu yana müdafiə tərəfinin qaldırdığı vəsatətlərin heç biri təmin edilməyib. Bu da məhkəmənin obyektivliyinə, ədalətinə şübhə yaradır.

Məhkəmədə şahid qismində Nizami rayonu, 24 saylı polis bölməsinin əməliyyat müvəkkili Elxan Cəfərov dindirilib. T.Yaqublu bu şahidə də əvvəlkilər kimi belə xəbərdarlıq edib: “Yalan danışanın nəsil-nəcabətindəki bütün qadınlar əxlaqsızdır. Siz yalan danışsanız, sizə aid olsun, mən yalan danışsam, mənə…”

Şahid polis deyir ki, martın 22-də növbədə olarkən “8-ci kilometr bazarı”nın yanında hadisə barədə məlumat daxil olub. Hadisə yerinə gedəndə iki maşının toqquşduğunu, sürücülərin dalaşdığını öyrəniblər: “Təxminən 70-80 adam toplaşmışdı, bu adam (T.Yaqublunu göstərir) çox aqressiv idi. Nizam-intizama dəvət etdik, nalayiq ifadələr işlədirdi. “07”nin sürücüsünə yaxınlaşdım, dedi ki, o biri sürücü yumruqla başından vurub, sinəsini göstərdi, cızılmışdı…”

E.Cəfərovun istintaqdakı ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyət var idi. Vəkillər müəyyən məsələləri aydınlaşdırmaq üçün şahidə suallar versə də, o, “yadımda deyil” deyə cavablandırıb. Bu üzdən vəkillər şahid polisin anlaqlı olub-olmadığının araşdırılması məqsədilə ekspertiza keçirilməsini istəyiblər. Amma məhkəmə bu barədə vəsatəti təmin etməyib.

Dindirmə zamanı o da məlum olub ki, istintaqın sonunda müstəntiqin T.Yaqubluya və vəkillərinə təqdim etdiyi materiallarda E.Cəfərovun dindirmə protokolu cəmi üç səhifədən (212, 213 və 214) ibarətdir. Həm də o səhifələrdə E.Cəfərovun imzası yoxdur. Amma sonradan məhkəməyə göndərilən materiallarda 215-ci səhifə də əlavə edilib, üstəlik, imza da var. Vəkillər bunu iş materiallarının saxtalaşdırılması kimi qiymətləndiriblər. Bu məsələnin araşdırılması üçün müstəntiqin məhkəməyə çağrılması tələb olunub. Amma hakim bu vəsatəti də təmin etməyib.

T.Yaqublu bildirib ki, E.Cəfərovun danışdıqlarının hamısı yalandır. O, ümumiyyətlə, hadisə yerində olmayıb: “Bunun yaddaşında yox, ləyaqətində problem var. Mənim yalan danışan haqqında dediklərimi qəbul eləyib, yenə də yalan danışdı. Saxtalaşdırma cinayətdir. Cinayətə yol vermiş şəxsi niyə bura çağırmaq istəmirsiz? Mən ona ifadə verməmişəm. Bunu da saxtalaşdırıb. O, mütləq bura gəlməlidir, cavab verməlidir. Dövlət adından bu qədər şər-şəbədə yazıblar. Dövlət adından bu qədər ləyaqətsizlik, şərəfsizlik etmək olar?!”

Məhkəmə prosesi avqustun 21-də davam edəcək.

Tofiq Yaqublu martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

Tofiq Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl “Facebook” hesabında yazmışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı”nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır…”

T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.

Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.

Ana səhifəSiyasətTofiq Yaqublu: Onun yaddaşında yox, ləyaqətində problem var