Tofiq Yaqublu “ölüm aclığı”na başlayıb

“Atam dedi ki, qərarımı heç kim dəyişdirə bilməyəcək”.

Source: Meydan TV


"Ya məni həbsdən azad edəcəklər, ya da ki, öldürəcəklər!"

Nizami Rayon Məhkəməsinin qərarı ilə 4 il 3 ay azadlıqdan məhrum edilən Tofiq Yaqublu aclıq aksiyasını dayandırmayacağını deyib.

Bu barədə onunla görüşdüyünü deyən qızı Nigar Həzi məlumat yayıb.

Tofiq Yaqublu deyib ki, aclıq aksiyasını dayandırmağı kimsə ondan xahiş etməsin:

“Atam ona dəstək olan hər kəsə minnətdarlığını bildirdi. Bu gün aclığının ikinci günüdür. Mən atama "aclığı dayandır" demədim. Çünki bilirəm ki, bu onun qərarına təsir etməyəcək. Atam dedi ki, qərarımı heç kim dəyişdirə bilməyəcək. Xahiş edirəm mənə "aclığı dayandırın" çağırışları etməyin. Öldü var, döndü yoxdur! Bu qədər haqsızlığa göz yummayacağam. Ya məni həbsdən azad edəcəklər, ya da ki, öldürəcəklər!".

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində siyasi fəal Tofiq Yaqublunun işi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Məhkəmədə Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya hökm oxunub.

O, 4 il 3 ay müddətində azadlıqdan mərhum edilib. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Ana səhifəSiyasətTofiq Yaqublu “ölüm aclığı”na başlayıb