Tofiq Yaqublu: “Məncə, prokurorluğun məni döyənləri müəyyənləşdirməyə cəsarəti çatmır”

Tofiq Yaqublu, Foto: Ramin Deko

“Çünki proses İlham Əliyevin nəzarətindədir, o, necə deyir, elə də olacaq”

“Vəkilim Nemət Kərimli dekabrın 2-də Respublika Prokurorluğuna şikayət göndərib. Prokurorluq operativlik nümayiş etdirir”.

Dekabrın 3-də Respublika Prokurorluğunda ifadə verən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu Meydan TV-yə belə deyib.

O, Respublika Prokurorluğuna zərərçəkmiş kimi dəvət olunduğunu bildirib:

“Səbail rayon prokurorunun köməkçisi Hilal Abbasov məndən ifadə aldı. Hadisənin bütün detallarını danışdım. Təxminın 4 saatdan çox ifadə verdim. Çünki hadisə uzun zaman alıb, məni 39-cu Polis İdarəsində döyüblər, ardınca Ələtə aparıblar, bir neçə maşın dəyişiblər. Yəni 4 saatdan çox davam etməsi təbiidir”.

Tofiq Yaqublu onu döyənlərin bəlli olduğunu düşünür:

“Məncə, prokurorluğun məni döyənləri müəyyənləşdirməyə cəsarəti çatmır. Müstəsna şərait yarana bilər ki, onların kimliyi bəlli olsun. Amma hökumət də bu adamların kimliyini bilir. Sadəcə, mən onlardan birinin adının Rəşad olduğunu bilirəm, bəlkə şərti elə adlandırıblar. Çünki o yadımda qalıb ki, sükan arxasında olan Rəşaddır”.

Tofiq Yaqublu bədənində xəsarətlərin olduğunu bildirib:

“Hazırda bütün əzalarım, boynum, başım ağrıyır. Yolboyu əllərinin içi ilə vururdular, onlar bu işin peşəkarlarıdır. Məsələn, sonuncu dəfə, 19 oktyabrda döyüləndə üzümdə iz qalmamışdı, amma bədənimdə var idi. Bu dəfə küt zərbələr idi, təpik, yumruq izləri ağrılarımda da qalıb. Bu gün tibbi ekspertizaya gedəcəm”.
Tofiq Yaqublu ifadəsində döyülməsinin siyasi sifariş olduğunu deyib:

“Amma məndən bu barədə soruşmayıblar”.

Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev qurumun aksiyada baş verənlər və saxlanılan şəxslərlə bağlı nazirliyə müraciət etdiyini deyir.

Onun “Facebook” hesabından yaydığı məlumata görə, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndiyi indiki zamanda Tofiq Yaqubluya qarşı zor tətbiq edilməsi ölkənin nüfuzunu salınmasına hesablanmış davranış da ola bilər.

“Daxili İşlər Nazirliyi yanında İctimai Şura baş verənlərin obyektiv və hərtərəfli araşdırılmasına, araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat verilməsinə, günahkarların müəyyən edilərək cəzalandırılmasına çağırır”, – məlumatda deyilir.

Tofiq Yaqublu Daxili İşlər Nazirliyinin yanında İctimai Şuranın müraciətinə belə reaksiya verib:

“Ola bilsin bu hadisə kifayət qədər rezonans doğurub, onlar da vəziyyətin yüngülləşdirilməsi üçün belə bir adım atıblar. İstənilən halda heç bir nəticəsi olmayacaq. Nəsə ola bilərsə, o konyukturayla bağlı ola bilər”.

“İlham Əliyev hiss etməlidir ki, artıq geri dönmək lazımdır. Onda hansısa ciddi addım atılacaq. Yoxsa hüquq belə tələb edir, İctimai Hüquq Şura müraciət edir, bunlar əfsanədir. Çünki proses İlham Əliyevin nəzarətindədir, o, necə deyir, elə də olacaq. Mənim indiki şəraitdə kiminsə cəzalandırılacağına ümidim yoxdur. Sonralar olacaq, nə olacaqsa. Biz də Avropa Məhkəməsinə qədər gedəcəyik. Azərbaycanda bu işlə bağlı ədalətli istintaq, məhkəmə qərarının olacağına inanmıram”, – Tofiq Yaqublu deyib.

Vəkil Nemət Kərimli Meydan TV-yə Tofiq Yaqublunun döyülməsi ilə bağlı cinayət işinin hələ açılmadığını bildirib:

“Sadəcə, biz Respublika Prokurorluğuna müraciət etdik və işgəncə faktının olduğuna görə dindirmə prosesi başlanıldı. Tofiq Yaqublu da şahid qismində dindirilib. Bundan sonra ekspertiza keçiriləcək”.

Vəkil Tofiq Yaqublunu döyənlərin kimliyini müəyyən etmək üçün ipucu olduğunu və bununla bağlı vəsatət də verildiyini əlavə edib:

“Əgər vəsatət diqqətlə icra edilsə, kimlərin Tofiq Yaqublunu döydüyünü üzə çıxartmaq olar”.

Dekabrın 1-də Bakının “Fəvvarələr bağı”nda Saleh Rüstəmovun azadlığı tələbilə aksiyaya cəhd olunub. Hadisə zamanı 40 nəfərə yaxın saxlanılan olsa da, onların əksəriyyəti sərbəst buraxılıb. Saxlanılanlardan müxalif fəallar Tofiq Yaqublu və Paşa Dadaşzadə xəsarətlər alıb.

Tofiq Yaqublunu 39-ci Polis Bölməsinə aparıblar. Özünün dediyinə görə, bölmədə onu döyüblər, sonra isə Ələt qəsəbəsinə apararaq işgəncə veriblər.

Xatırlatma

AXCP sədri Əli Kərimliyə maddi yardım göstərməkdə ittiham olunan və 2018-ci ildə həbs edilərək 7 il 3 ay azadlıqdan məhrum edilən Saleh Rüstəmov artıq 28 gündür ki, aclıq aksiyası keçirir. Onun səhhətinin pisləşdiyi, xeyli çəki itirdiyi və həyatı üçün təhlükə yarandığı bildirilir. Saleh Rüstəmov həbsdən azad edilməsini, ailə üzvlərinin əmlakına və ata evinə qoyulan müsadirə qərarının ləğv olunmasını tələb edir.

O, Ombudsman Səbinə Əliyevanın və digər səlahiyyətli şəxslərin, yaxınlarının aclığı dayandırmaqla bağlı xahişlərini rədd edib.

Bir qrup ictimai-siyasi şəxs, hüquq müdafiəçiləri və jurnalistlər Saleh Rüstəmovun azad olunması tələbi ilə müraciət ediblər. Hələlik heç bir rəsmi reaksiya yoxdur.

Ana səhifəSiyasətTofiq Yaqublu: “Məncə, prokurorluğun məni döyənləri müəyyənləşdirməyə cəsarəti çatmır”