Vəkil: “Hətta mənim etirazımı belə saxtalaşdırıblar”
Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu və vəkilləri onun işinə Nizami Rayon Məhkəməsində baxılarkən prosesdə baş verənlərin protokollarda təhrif olunmuş şəkildə yazıldığını bildirir. Vəkillər oktyabrın 14-də bu barədə iradlarını yazılı şəkildə Nizami Rayon Məhkəməsinə təqdim ediblər.
Bu barədə Meydan TV-yə açıqlama verən T.Yaqublu bildirib ki, məhkəmə iclas protokollarında şahid ifadələri, vəkillərin sualları, hətta onun özünün çıxışları da saxtalaşdırılıb: “Mən az qala, hər iclasda hakimə etiraz edirdim, məhkəmənin gedişilə bağlı narazılığımı bildirirdim. Vəkillərim məhkəməyə dəfələrlə yazılı etiraz veriblər. Amma məhkəmə iclaslarının protokollarından belə çıxır ki, mənim prosesdən narazılığım olmayıb”.
T.Yaqublu məhkəmə iclaslarından birini hakim günün ikinci yarısında (nahar fasiləsindən sonra) da davam etdirmək istəyəndə üç vəkilindən ikisi etiraz edib. Bildiriblər ki, hər dəfə bu məhkəmənin yarım gün keçirildiyini nəzərə alaraq, müdafiəçi olduqları başqa bir işdə günün ikinci yarısında iştirakı əvvəlcədən razılaşdırıblar. Amma hakim bunu nəzərə almayıb və prosesi davam etdirib. Belə olan halda, məhkəmə iclasında üç vəkilindən yalnız biri – Aqil Layıc iştirak edib: “Mən digər iki vəkilimin iştirakı olmadan prosesin davam etdirilməsinə etiraz elədim. Lakin protokolda yazıblar ki, guya mən razılaşmışam. Hətta bu məsələni belə saxtalaşdırıblar”.
T.Yaqublunun vəkili Elçin Sadıqov bildirib ki, Nizami Rayon Məhkəməsi müdafiə tərəfinin protokola qeydlərinə baxıb, rəy verməlidir: “Əgər bizim qeydlərimizdə göstərdiyimiz iradları təsdiqləsə, xeyrimizədir. Məhkəmə etiraf edəcək ki, səhvə yol verib. Qeydlərlə razılaşmasa, biz apelyasiya məhkəməsində şikayətimizə məhkəmə istintaqı keçirilməklə baxılmasını istəyəcəyik”.
T.Yaqublunun işi hazırda Bakı Apelyasiya Məhkəməsinin icraatındadır. T.Yaqublu və vəkillərinin protokollarla tanış olması üçün iş Nizami Rayon Məhkəməsinə qaytarılıb. Bu instansiya vəkillərin qeydlərilə bağlı rəy verəndən sonra iş yenidən Bakı Apelyasiya Məhkəməsinə göndəriləcək və proses orada davam edəcək.
T.Yaqublu bu il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunur ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib.
Nizami Rayon Məhkəməsi sentyabrın 3-də bu ittihamla T.Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sentyabrın 2-dən məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən T.Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. Bundan sonra T.Yaqublu aclığı dayandırıb.
T.Yaqublu özünü təqsirli bilmir. Şəxsən Prezident İlham Əliyevin sifarişilə saxta ittihamla həbs olunduğunu bildirir. Onun sözlərinə görə, nə avtoqəza törədib, nə də kiməsə qarşı xuliqanlıq edib. Ümumiyyətlə, ittihamda yazılan hadisə baş verməyib.