Tofiq Yaqublu: “Mən ölürəm”

İllüstrasiya: Meydan TV

Vəkil: “Artıq Tofiq Yaqublu su da qəbul edə bilmir”

Bu gün vəkil Fəxrəddin Mehdiyev Ədliyyə Nazirliyinin müalicə müəssisəsində həbsinə etiraz olaraq 37 gündür aclıq aksiyası keçirən Milli Şura və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ilə görüşüb.

Vəkil deyib ki, Tofiq Yaqublunun vəziyyəti çox ağırdır.

 “Təhlükəli odur ki, artıq Tofiq Yaqublu su da qəbul edə bilmir. Deməsinə görə, içdiyi suyu belə qaytarır. Onu görüşə əməkdaşların köməkliyi ilə gətirdilər. Özü tamamilə hərəkət edə bilmir. Danışa bilmir. Danışığı çox ləngiyib. Gözlərində zəiflik var. Mədə ağrılarından çox şikayət edir. Baş ağrıları çoxdur. Baş gicəllənmələrindən şikayət edir. Çəkisində sürətli itki var, 76 kiloqram 200 qrama düşüb”.

Vəkil bildirib ki, Tofiq Yaqublunun səhhətinə həkim müdaxiləsi mütləqdir.

“Yaxşı olardı ki, həkim Adil Qeybulla yenə ona baş çəksin”.

Onun sözlərinə görə, apellyasiya məhkəməsinin mayın 20-nə saxlanması Tofiq Yaqubluya çox pis təsir edib.

“Mən vəziyyətin ağırlığına görə xahiş etdim ki, aclığı dayandırsın. O qəti şəkildə bildirdi ki, aclığı davam etdirəcək”.

“Mənimlə vidalaşanda dedi ki, mən ölürəm. Mən ölümün səsini eşidirəm”- vəkil sonda qeyd edib.

Vəkilin dediklərinə aidiyyatı qurumlar reaksiya verməyib.

Tofiq Yaqublu 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

O, aprelin 1-dən azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirir.

Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.

Siyasətçi ittihamları qurama sayır.

Bu, Tofiq Yaqublunun ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.

Ana səhifəSiyasətTofiq Yaqublu: “Mən ölürəm”