Cinayət işi məhkəməyə göndərilir
Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu haqqında cinayət işinin materialları Nizami Rayon Məhkəməsinə gönədirlir. Bu barədə Meydan TV-yə T.Yaqublunun qızı Nigar Həzi məlumat verərək bildirib ki, artıq cinayət işinin materiallarıyla tanışlıq başa çatıb. Daha sonra T.Yaqublu barəsində ittiham aktı tərtib edilib və vəkilə də təqdim olunub.
“İş materialları sabah və ya birisigün məhkəməyə göndəriləcək. İşdə bəhs olunan hadisə Nizami rayonu ərazisində baş verdiyinə görə bu cinayət işinə də Nizami Rayon Məhkəməsində baxılacaq. Vəkilin bildirdiyinə görə, iş məhkəməyə daxil olandan sonra 15 gün ərzində hazırlıq iclası keçirilməlidir. İyulun 20-nə qədər xüsusi karantin rejimilə əlaqədar Bakıda məhkəmələr təxirə salınıb”, – deyə N.Həzi bildirib.
Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin, o cümlədən məhkəmələrin fəaliyyətindəki fasilənin uzadılıb-uzadılmayacağı məlum deyil. Ona görə də T.Yaqublunun işi üzrə məhkəmənin hazırlıq iclasının da keçirilib-keçirilməyəcəyi bəlli deyil.
N.Həzinin sözlərinə görə, T.Yaqublu ailə üzvlərilə telefon danışığında cinayət işinin materiallarıyla tanışlıqdan sonrakı fikrini bölüşüb: “Ata dedi ki, cinayət işi dəhşətli dərəcədə absurddur, yalanla doludur. O qədər biabırçı cinayət işi düzüb qoşublar ki, həttə “İsmayıllı işi” bunun yanında toya gediləsidir. Bildirdi ki, məhkəmədə bu cinayət işini darmadağın edəcək”.
Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılan T.Yaqublu martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.
T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl “Facebook” hesabında yazmışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı”nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır…”
T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.
Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.