Tofiq Yaqublu

Mənbə: Meydan TV

Başlıq: Tofiq Yaqublu

Tofiq Yaqublu: İlham Əliyev görəcək ki, onun qanunsuz sifarişini yerinə yetirənlər cahildir

“Ata deyir ki, səbirsizliklə məhkəməni gözləyir”

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu vəkili Nemət Kərimli ilə birlikdə cinayət işinin materiallarıyla tanış olub. T.Yaqublunun ailə üzvlərinə bildirdiyinə görə, iş materiallarında çoxlu sayda saxtakarlıq var. Bu barədə Meydan TV-yə T.Yaqublunun qızı Nigar Həzi məlumat verərək bildirib ki, atası həmin saxtakarlıqları məhkəmədə bir-bir ifşa etmək niyyətindədir.

“Tofiq Yaqublu bildirdi ki, dırnaqarası şahid və xəsarətlərlə cinayət işinin içini zənginləşdiriblər. Onu da qeyd etdi ki, özünü saxta ittihamlarla cinayət və inzibati həbslərə məruz qalmaq üzrə rekordçu sayır. Bu mənada, saxta ittihamlar və yalançı şahidlərlə üzləşməkdə çox geniş təcrübəsi var. Amma indiki kimi absurd, vicdansız, həyasız, ləyaqətsiz və haqsız suçlama ilə üzləşməmişdi. Ata deyir ki, səbirsizliklə məhkəməni gözləyir. İlham Əliyev görəcək ki, onun bu qanunsuz sifarişini yerinə yetirənlər həm də cahildir. Əslində, bu cinayət işi özlərinin iflasıdır”, - deyə N.Həzi bildirib.

Onun sözlərinə görə, bu işin istintaqını aparan Nizami Rayon Polis İdarəsinin müstəntiqi Ramil Əliyev iddia edib ki, T.Yaqublu saxlandığı gün özünün vəkili olmayıb. Bu üzdən onun şübhəli şəxs qismində dindirməsinə dövlət hesabına vəkil çağrılıb. N.Həzi bunun yalan olduğunu, vəkil E.Sadıqovun həmin gün polis idarəsinin qarşısında gözlədiyini, lakin T.Yaqublu ilə görüşə buraxılmadığını vurğulayıb: “Özləri vəkili ata ilə görüşdürmədilər. Hətta məhkəmə günü Ombudsman Aparatına çoxsaylı müraciətlərdən sonra vəkil məhkəmədə iştirak edə bildi. Ata həbs olunan gün biz vəkil Elçin Sadıqovla birlikdə Nizami Rayon Polis İdarəsinin önündə nə qədər gözləmişik. Çox müstəntiqlər görmüşük. İçlərində etdiyi əmələ görə utananı da olub, əməlini etiraf edəni də. Ancaq Ramil Əliyev kimisini görməmişdik...”

Şüvəlandakı 3 saylı istintaq təcridxanasında saxlanılan T.Yaqublu martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl “Facebook” hesabında yazmışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı”nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır...”

T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.

Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/qg9byf

Ən çox baxılan