Tofiq Yaqublu: İlham Əliyev əylənəndə mən Qarabağda vuruşurdum

“Sonradan bildim ki, sən demə, əvvəldən razılaşdırılmış qaydada gəliblər ora”.

Source: Foto: sosial şəbəkə
“İlham Əliyevdən nə tapşırıq gələcək, onu da edəcəklər”


Siyasi fəalın vəkilləri məhkəməyə etiraz edib

İyulun 24-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyilə Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin həbsdə olan üzvü Tofiq Yaqublunun mühakiməsi başlayıb. COVİD-19 (koronavirus) infeksiyasının yayılmasıyla əlaqədar məhkəmənin hazırlıq iclasına prosesi izləməyə gələnlərdən yalnız qızı Nigar Həzini buraxıblar. Həmçinin T.Yaqublunun xəsarət yetirdiyi iddia olunan Cəvahir və Elxan Cəbrayılovlar da prosesdə iştirak edib.

Məhkəmə qalmaqalla başlayıb. T.Yaqublu özüylə məhkəməyə gətirdiyi iş materiallarının olduğu qovluğun üstünə “Şərəfsizliyin ifşası” yazıb. Bu da məhkəmə zalında Penitensiar Xidmətin əməkdaşlarının diqqətini çəkib. Onlar qovluğu T.Yaqublunun əlindən almaq istəyəndə o, etiraz edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisəyə müdaxilə edən hakimin “bura mitinq deyil” deməsi vəziyyəti daha da gərginləşdirib. T.Yaqublu bildirib ki, hakimin bu cür fikir səsləndirməsi prosesin siyasi motivli olmasına dəlalət edir.

T.Yaqublunun vəkilləri bu işə nəinki hakim Nəriman Mehdiyevin, ümumiyyətlə, Nizami Rayon Məhkəməsində baxılmasına etiraz ediblər. Prosesdə fasilə verilib və vəkillər bu barədə yazılı şəkildə etiraz ərizəsini məhkəmənin poçtuna atıblar. Amma bir qədər sonra hakim məhkəmə zalına qayıdaraq, etirazın baxılmamış saxlandığını söyləyib. Vəkillər etiraz edərək deyib ki, bütövlükdə məhkəməyə verilən etiraza yalnız apelyasiya məhkəməsinin sədri baxıb qərar verə bilər.

Məhkəmədə vəkillər Aqil Layıc və Elçin Sadıqov T.Yaqublunun barəsindəki cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi, onun barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsi, avtomobilinin həyat yoldaşına qaytarılması barədə vəsatətlər qaldırıblar.

T.Yaqublu cinayət işinin saxta olduğunu, şəxsən Prezident İlham Əliyevin sifarişilə hazırlandığını vurğulayıb. Onun sözlərinə görə, saxtakarlıq faktlarından biri hadisə axşam baş versə də, iş materiallarında gündüz saat 16.00 radələrində göstərilib. 12 yaşlı uşaq şahid qismində dindirilib: “Guya o da deyib ki, “mən Tofiq Yaqublunu tanıyıram, vuranda onu gördüm”. Mən maşında oturduğum vaxt gəlib maşına çırpıldı, ardınca düşüb maşına hücum çəkdilər. Qadın az qala maşının qapısını sındırırdı ki, mən düşüm, təxribata çəksin, onu vurum. Bu niyyəti dərhal anladığıma görə də düşmədim. Dərhal bu haqda “Faceboo”da status yazdım, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng elədim. Necə olubsa, o zəng indi qeydiyyatda yoxdur. Polis idarəsindən mənimlə danışanda telefonla dedilər ki, “Cəvahir xanım da yanınızdadı?” Mən təəccübləndim ki, bəlkə kiminləsə səhv salır. Sonradan bildim ki, sən demə, əvvəldən razılaşdırılmış qaydada gəliblər ora”.

Cinayət işinə xitam verilməsi barədə vəsatət təmin edilməyib.

T.Yaqublunun səhhətindəki problemlərlə əlaqədar onun məhkəmə dövründə ev dustaqlığına buraxılması, maşınının həyat yoldaşına qaytarılması haqda vəsatətlər də rədd edilib.

“İlham Əliyev əylənən vaxtlarda mən Qarabağda vuruşmuşam. Məndən Qarabağda vuruşmağımın, erməniyə güllə atmağımın qisasını alırlar. Azərbaycan hakimiyyəti nə gündədir ki, belələrinin (zərərçəkmiş Cəbrayılovları göstərir) ümidinə qalıb. Siz məni mühakimə edə bilməzsiniz. Bu gün haqq da mənəm, qanun da mənəm, məhkəmə də mənəm! Siz sadəcə, burada İlham Əliyevin sifarişini yerinə yetirirsiniz. Mənim haqqımda qərar verməyə sizin cürətiniz çatmaz. Çatsaydı, əgər gerçəkdən hakim olsaydınız, elə birinci iclasdan xitam verərdiniz. Vaxt gələcək bütün bunlara, o cümlədən bu gün cəbhəçilərə qarşı baş verən repressiyalara görə hər biriniz cavab verəcəksiniz!”, – deyə T.Yaqublu üzünü hakimə tututaraq bildirib.

Məhkəmə prosesi avqustun 5-nə təyin edilib.

T.Yaqublu martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl “Facebook” hesabında yazmışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı”nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır…”

T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.

Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.

Ana səhifəSiyasətTofiq Yaqublu: İlham Əliyev əylənəndə mən Qarabağda vuruşurdum