Hakim siyasi məhbusların prosesə gətirilməsini istəyib
Fevralın 25-də Şəki Apellyasiya Məhkəməsində REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun işinə təkrar baxılıb.
Proses barədə Meydan TV-ni məlumatlandıran vəkil Fuad Ağayev bildirib ki, hakim İlqar Məmmədov və Tofiq Yaqublunun prosesdə iştirak etməməsini əsas gətirərək, məhkəməni qeyri-müəyyən müddətə təxirə salıb: “Biz bildirdik ki, onların hər ikisi iştirak etmək hüququnu vəkillərinə və müdafiəçilərinə həvalə ediblər. Həm də Şəki Məhkəmə kompleksinin yeni texnologiyalar əsasında inşa olunduğunu söyləyib bildirdik ki, bununla İlqar Məmmədov və Tofiq Yaqubluyla viza-konfrans vasitəsilə əlaqə saxlayıb, hər ikisinin iştirakını təmin etmək olar. Ancaq buna baxmayaraq məhkəmə prosesi qeyri-müəyyən müddətə təxirə saldı”.
Vəkil başqa bir narahatçılığını ifadə etdi: “Ötən ilin 13 yanvar tarixində də Ali Məhkəmə prosesi qeyri-müəyyən müddətə təxirə salmışdı və bu qeyri-müəyyən müddət 9 ay çəkdi. Belə çıxır ki, hər iki şəxs qanuni qüvvəyə minməmiş hökm əsasında həbsdə saxlanılırlar”.
İ.Məmmədov və T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 və 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Hər iki şəxs ittihamı uydurma və siyasi motivli hesab edirlər. “Amnesty İnternational” onları “vicdan məhbusu” kimi tanıyıb.
Bir il öncə Avropa İnsan Hüquqları Məhkəməsi İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib. AŞ Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Ötən ilin noyabrında AİHM T.Yaqublunun da şikayətini təmin edib.