“Bu gün can-başla sifarişləri yerinə yetirirsiz, amma gün gələcək, bugünkü əməllərinizə görə cavab verəcəksiniz”
Siyasi fəal Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi haqda hökmdən verdiyi apelyasiya şikayətinə baxılır.
Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyilə keçirilən məhkəmə iclasında T.Yaqublu çıxış edib. O, təqsirsiz olduğunu, cinayət işinin materiallarında bəhs olunan yol qəzasının ümumiyyətlə, baş vermədiyini, siyasi baxışlarına görə şərlənib həbs edildiyini vurğulayıb.
“Mənim bu işdə günahsızlığımı sübut edəcək o qədər dəlillərim var, dəryalar mürəkkəb, meşələr qələm olsa, yazıb qurtarmaqla bitməz. Mənə aid olmayan hadisədən necə danışım? Bu cinayət işinin buradakı hakimlərə, prokurora nə qədər aidiyyəti varsa, mənə də bir o qədər aidiyyəti var”, – T.Yaqublu bildirib.
T.Yaqublu Qarabağ qazisi olduğunu, 1990-cı illərin əvvəllərində torpaqların azadlığı uğrunda vuruşduğunu yada salıb. O bildirib ki, indi də oğlu cəbhə bölgəsində Qarabağın azadlığı uğrunda döyüşür.
Siyasi fəal bildirib ki, onun həbsi üçün bəhanə kimi istifadə olunan hadisəni tam şəkildə telefonuyla çəkmişdi. Telefonunu Nizami Rayon Polis İdarəsinin əməkdaşları zorla həyat yoldaşından alıblar. Amma həmin görüntülərdən sübut kimi istifadə etməyiblər, əksinə, onları siliblər: “Sonra da deyirlər ki, guya telefonun koduna görə onu aça bilməyiblər. Gözlərinin içinə qədər yalan deyirlər. Açıblar, hətta mənə yaxın olan adamlara mesaj da göndəriblər, bunun sübutu da var. Hadisənin görüntülərini də siliblər. Əgər mən hadisə vaxtı bunların dediyi xuliqanlığı etsəydim, qəza törətsəydim, qarşı tərəfi söyüb-döysəydim, səhərdən axşama qədər AzTV ilə bütün ölkəyə göstərib məni biabır edərdilər. Eləyə bilmədilər, çünki istədikləri hadisə olmadı”.
T.Yaqublu hakimləri ədalətli olmağa səsləyib: “Heç olmasa, bir dəfə cəsarət nümayiş etdirin, ləyaqətli davranın. Vaxt var idi, ermənilər Qarabağda, Şuşada yallı gedirdi, baxın, bu gün nə baş verir. Bu gün can-başla sifarişləri yerinə yetirirsiz, amma gün gələcək, bugünkü əməllərinizə görə cavab verəcəksiniz. Tək mənim işimlə bağlı yox, siyasi məhbusların taleyilə oynayan, günahsız adamlar haqqında saxta hökmlər çıxaran hakimlərin hamısı…”
T.Yaqublunun vəkilləri onun işinə məhkəmə istintaqı aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması) baxılması barədə vəsatət qaldırıblar. Vəsatət təmin olunmayıb.
Məhkəmə prosesi dekabrın 3-də davam edəcək.
T.Yaqublu bu il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunur ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib.
Nizami Rayon Məhkəməsi sentyabrın 3-də bu ittihamla T.Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sentyabrın 2-dən məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən T.Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. Bundan sonra T.Yaqublu aclığı dayandırıb.
T.Yaqublu özünü təqsirli bilmir. Şəxsən Prezident İlham Əliyevin sifarişilə saxta ittihamla həbs olunduğunu bildirir. Onun sözlərinə görə, nə avtoqəza törədib, nə də kiməsə qarşı xuliqanlıq edib. Ümumiyyətlə, ittihamda yazılan hadisə baş verməyib.