Tofiq Yaqublu: Hamıya məlum olan fakt budur ki, siz cinayətkarsınız…

“Gedib evdə ailənə deyərsən ki, yalan danışıb, söyüşləri sizə gətirdim…”

Source: Foto: sosial şəbəkə


Siyasi fəal Əli Kərimlinin məhkəməyə buraxılmamasına etiraz edib

Müsavat Partiyasının və Milli Şuranın sədri Tofiq Yaqublu onun məhkəməsində iştirak etmək istəyənlərin zala buraxılmamasına etiraz edir. Avqustun 21-də məhkəmədə bununla əlaqədar T.Yaqublu ilə onun işinə baxan hakim Nəriman Mehdiyev arasında mübahisə olub.

T.Yaqublunun yaxınları, ictimai-siyasi fəallar və jurnalistlər yenə də məhkəmə zalına buraxılmayıb. Prosesi izləmək üçün məhkəməyə gəlsə də, zala buraxılmayanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli də olub.

T.Yaqublu Ə.Kərimlinin buraxılmasını tələb edib. Hakim imkan verməyib: “Qapalı məkanlarda 10 nəfərdən artıq olmaz”.

T.Yaqublu tələb edib ki, bu qadağanı əsaslandıracaq hüquqi norma ortaya qoyulsun: “Mücərrəd bir şeyi əsas gətirib qadağa qoymayın. Göstərin, harada, nə yazılıb. Özünüzə hörmət edin. Konstitusiyada yazılıb ki, məhkəmə prosesi açıq keçirilməlidir. Məhkəmə yoxdur burada. Buraxın gəlsin Əli Kərimli. Bu gün tələbələr imtahan verirlər, qapalı məkanda 10 nəfər məsələsi onlara aid deyil? Elementar məntiq deyir ki, nə qədər adam olması məsələsi məkandan, məsafədən asılıdır. “Otvyorka Mehdiyev”in hesabına gəlib oturmusan burada, özünü uşaq bağçasında hiss eləyirsən. Vicdanın, cəsarətin çatmır ki, bir vətəndaşı zala buraxasan. Sən hakim ola bilərsən? Mənim ədalətli mühakimə olunmaq hüququmu pozursunuz. Mənə yaxın olan adamların bu məhkəmədə iştirak etməyə haqqı var. Mənə hüquqi normanı göstərin görüm nəyin əsasında bu qadağanı tətbiq edirsiz? Bir zalla bağlı qərar verməyə cəsarəti çatmayan biri mənim taleyimlə bağlı nə hökm verə bilər ki?!”

Hakim bildirib ki, həmin norma hər kəsə məlumdur: “Hamıya məlum olan şeyi sizə niyə göstərim?”

T.Yaqublu hakimə belə cavab verib: “Hamıya məlum olan fakt budur ki, bu hakimiyyət də, siz də cinayətkarsınız…”

T.Yaqublu məhkəmənin açıqlığı prinsipinin pozulmasına görə hakim Nəriman Mehdiyevə yazılı etiraz verib. Hakim Nəriman Mehdiyev etirazın təmin olunmadığını açıqlayıb.

Vəkillər hakimin nəzərinə çatdırıb ki, o, belə qərarla qanunu pozur. Çünki hakim ona verilən etirazı təmin etməyə bilməz. Bu məsələyə Nizami Rayon Məhkəməsinin sədri baxıb qərar verməlidir: “Sizin sizə olan etirazı təmin etməmək səlahiyyətiniz yoxdur. Bunu sədr baxıb təmin etməyə bilər. Qanunun tələbidir. Siz etirazı baxılmamış saxlaya bilərsiz. Heç olmasa, bu cür məsələlərdə prosessual qaydalara əməl edin. Baxılmamış da o halda açıq saxlanılır ki, hakimə etiraz açıq-aşkar əsassız olsun. Burada isə pozuntu halı var. Məhkəmənin açıqlığı prinsipi pozulur”.

Məhkəmədə şahid qismində yol polisi Malik Manafov dindirilib. T.Yaqublu ona da eyni qaydada xəbərdarlıq edib: “Yalan danışanın ailəsindəki, nəslindəki bütün qadınlar əxlaqsızdır. Bundan sonra nə istəyirsən, de. Yalan danışıb adam içinə necə çıxırsız? Nizami polisində bir kişi çıxmadı desin ki, ayıbdır, mən belə həyasızlıq edə bilmərəm? Bu idi, telefonla kiməsə dedi ki, “düşmür maşından, alınmır, neyləyək?”

Hakin bu dəfə də T.Yaqubludan kimsəni təhqir etməməyi tələb edəndə o, belə cavab verib: “Dediklərim hər bir yalançıya aiddir. Gəlib burada yalan danışana, yalan hökm çıxarana, yalan ittiham irəli sürənə…”

M.Manafov ifadəsində deyib ki, həmin gün idarədə olarkən növbətçi hissədən “8-ci kilometr bazarı”nın yanında qəza olması haqda məlumat gəlib, o da hadisə yerinə yollanıb: “Yaxınlaşdım, gördüm ki, insanlar toplaşıb. İki maşın toqquşub. Sonra sürücülər arasında mübahisə yaranıb. Sürücülərdən sənədləri istədim. Hadisənin sxemini tərtib etdim…”

T.Yaqublu şahidin yalan danışdığını deyib: “Gedib evdə ailənə deyərsən ki, yalan danışıb, söyüşləri sizə gətirdim…”

Vəkillər vəsatət qaldırıb ki, bu polis əməkdaşının telefon nömrəsi götürülsün, onun həmin gün hadisə vaxtı harada olduğunu müəyyənləşdirmək məqsədilə mobil operatordan anten məlumatları alınsın: “Çünki Tofiq Yaqublu deyir ki, bu adam əvvəldən Cəbrayılovlarla birlikdə onu izləyib. Yəni hadisə yerinə sonradan gəlməyib”.

Hakim bu vəsatəti də təmin etməyib: “Mən bu adamı telefon nömrəsini verməyə məcbur edə bilmərəm”.

T.Yaqublu əsəbiləşib və elə həddə çatıb ki, səsi tutulub: “Gör nə günə qoyublar bu məmləkəti ki, belə rahatlıqla yalan danışıb şərəfsizlik edirsiz. Bu qədər olmaz… Gör kimlərin əliylə Tofiq Yaqublunu şərləyirlər?”

Məhkəmə prosesi davam edir.

Tofiq Yaqublu martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

Tofiq Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl “Facebook” hesabında yazmışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı”nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır…”

T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.

Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.

Ana səhifəSiyasətTofiq Yaqublu: Hamıya məlum olan fakt budur ki, siz cinayətkarsınız…