”Əminəm ki, erməni əsirliyində olan Dilqəmlə Şahbazın məhkəməsi mənə qurulan məhkəmədən daha ədalətli keçir…”
Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun işi üzrə məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Artıq ittiham tərəfin şahidlərinin dindirilməsi mərhələsi başa çatdı. Bu şahidlərdən sonuncusu Əli Ağayev idi ki, o da avqustun 28-də dindirilib.
Ə.Ağayev məhkəmədə bildirib ki, nə bir-birilə dalaşanları görüb, nə də vintaçan. O, T.Yaqublunun vəkillərinin suallarına cavab olaraq, ümumiyyətlə, “vintaçan” sözünün mənasını bilmədiyini söyləyib. Amma istintaqdakı ifadəsində bu sözdən istifadə olunub.
“8-ci kilometr bazarı”nda göyərti satan Ə.Ağayev deyir ki, onun polis əməliyyatçılarından biri bazarda tapıb, ifadə vermək üçün Nizami Rayon Polis İdarəsinə göndərib: “Dedim ki, mən görməmişəm. Şəklimi göstərdilər ki, orada olmusan, gedib ifadə verməlisən”.
Hakim onun istintaqdakı ifadəsini elan edib. O ifadə T.Yaqublunun əleyhinədir.
Vəkillər hakim Nəriman Mehdiyevə etiraz ediblər. Deyiblər ki, hakim tərəfsiz olmalıdır, amma bu prosesdə ittihamçı kimi çıxış edir. Vəkillər yazılı şəkildə də hakimə etiraz veriblər. Amma etiraz baxılmamış saxlanılıb.
“Siz onsuz da hakim deyilsiz. Heç olmasa, formal hakim kimi görünməyin qayğısına qalın”, – deyə T.Yaqublu bildirib.
İttiham tərəfin şahidlərinin dindirməsi yekunlaşandan sonra hakim T.Yaqubluya ifadə verməyi təklif edib. Siyasi fəal isə deyib ki, həqiqətin üzə çıxması üçün özünün və vəkillərinin verdiyi vəsatətlərə baxılandan sonra ifadə verəcək.
T.Yaqublu bildirib ki, martın 22-də həbs olunanda onun telefonunu polislər həyat yoldaşından zorla alıb. İş materiallarında isə yazılıb ki, o, polis idarəsinə daxil olanda növbətçi hissəyə telefonu təhvil verib. O, həbsdə olduğu müddətdə – martın 27-də telefonuna müdaxilə olunub. Bu barədə onun vəkilləri avqustun 28-də məhkəmədə bildiriblər.
Vəkillər də əlavə edib ki, T.Yaqubluya “Whatsapp” proqramı vasitəsilə göndərilmiş mesaj martın 27-də ona çatıb. Bu da onu sübut edir ki, həmin gün telefon işlək vəziyyətdə olub. Vəkillər bunu təsdiqləyən görüntüdən çıxarışı da hakimə təqdim edib. Müdafiəçilərin bildirdiyinə görə, bir gün sonra başqa bir nömrədən həmin şəxsə mesaj göndərilib, T.Yaqubluya niyə yazdığı soruşulub.
“Bir tərəfdən Tofiq Yaqublunun telefonuyla çəkdiyi videogörüntülərə baxış keçirilmir. İddia olunur ki, telefonun kodu vardı, açmaq mümkün olmadı. Amma digər tərəfdən göndərilən mesajlara baxılır. Onun xəbəri olmadan telefonundan istifadə həm də şəxsi həyata müdaxilədir. Telefon həmin vaxt polis idarəsində olduğuna görə bu, həm də dövlət oranında həyata keçirilmiş cinayətdir. Xahiş edirik, bu məsələnin araşdırılması, cinayətə yol verən şəxslərin müəyyənləşdirilib cəzalandırılması üçün xüsusi qərardad çıxarılsın”, – deyə vəkillər bildirib.
T.Yaqublu da əlavə edib ki, telefonuna müdaxilə edib, “Facebook”dakı hesabının silindiyini deyib: “Belə namussuzlar. Qeyrətsizlər üçün başqasının şəxsi həyatı yoxdur. Bu anlayışdan bixəbərdilər”.
Telefona müdaxilənin araşdırılması və bunu edənlərin cəzalandırılması barədə vəsatət təmin olunmayıb.
Məhkəmə prosesi başlayandan T.Yaqublu və vəkilləri zərərçəkmiş qismində çıxış edən ər-arvadın – Elxan Cəbrayılov və Cəvahir Cəbrayılovanın martın 19-dan 22-nə qədər əlaqə saxladığı telefon nömrələri, hadisə günü olduğu ərazilərlə bağlı anten dairələrinin müəyyənləşdirilməsini tələb edir. Bu məqsədlə mobil operatorlara sorğu göndərilməsini istəyirlər. Hər dəfə hakim Nəriman Mehdiyev bu vəsatəti baxılmamış saxlayır, vaxtı çatanda qərar veriləcəyini deyirdi.
Bu dəfə T.Yaqublu yenidən bu məsələni qaldırıb: “O məlumatlar alınsa, görünəcək ki, bunlar polislə əlbirdir. Hadisə günü də əvvəldən polislərin müşayiətilə məni izləyiblər. Bu şərləmədə iştirak edən, bu yalanları müdafiə edən, qərar verən hər kəs ləyaqətsizdir, namussuzdur. Alın məlumatı, görün ki, bir doğru insanı şərləməkdən ötrü nə qədər alçaqlıq olunub…”
Amma hakim bu vəsatəti də təmin etməyib.
T.Yaqublu xüsusən bu məsələnin araşdırılmamasına sərt reaksiya verib: “Nə haqla təmin etmirsiz? Bu yalanı düzüb-qoşan, bu prosesdə iştirak edən hər kəs ləyaqətsizdir! Sən hakim olsaydın, həqiqətin üzə çıxmasını istəyərdin. Amma sən bu şərləmə əməliyyatında iştirak edən Elxan və Cəvahirdən də aşağı səviyyəlisən. Çünki sən bu cinayəti dövlət adından törədirsən!
Əminəm ki, erməni əsirliyində olan Dilqəmlə Şahbazın məhkəməsi mənə qurulan məhkəmədən daha ədalətli keçir…”
T.Yaqublu bu vəsatətlərin təmin olunmasına etiraz edən prokurora da cavab verib: “Əyninə prokuror formasını geyinmisən, elə bilirsən gerçəkdən prokurorsan? Mən də Messinin köynəyini geyinsəm, o demək deyil ki, Messiyəm? Sən də bu ləyaqətsizlikdə rol oynayanlardan birisən. Mənim yalan danışanlar haqqında dediklərim təkcə şahidlərə yox, bu prosesdə rol alan hər kəsə aiddir”.
T.Yaqublunun telefonuna məhkəmədə baxış keçirilməsi barədə vəsatət isə təmin edilib. Amma onun həm özü, həm də vəkilləri güman edir ki, telefona müdaxilə edildiyinə görə hadisənin görüntülərini də oradan siliblər.
Məhkəmə istintaqı başa çatmaq üzrədir. Artıq ittiham tərəfin şahidlərinin dindirməsi yekunlaşıb. T.Yaqublunun həyat yoldaşı Maya Yaqublu və daha bir nəfər hadisə yerində olub, istintaqda da dindirilib. Amma məhkəmədə dindiriləcək şahidlərin siyahısına onların adı daxil edilməyib. Vəkilləri onların da məhkəmədə dindirilməsi məsələsini qaldırıblar. Bu vəsatət təmin edilib. M.Yaqublu və İ.İsmayılov sentyabrın 1-də keçiriləcək növbəti məhkəmə iclasında dindiriləcək.