“Ədalətinə nail olmaq üçün fiziki məhv olmasını belə göz önünə alır”
Həbsdə olan və 17 gündür aclıq aksiyası keçirən Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu görmə qabiliyyətini itirir.
Bunu vəkil Aqil Layıc aprelin 17-də Yaqublu ilə görüşdən sonra “Facebook” hesabında yazıb.
Vəkil bildirib ki, Tofiq Yaqublu fiziki dəstək olmadan və elektromobil olmadan hərəkət edə bilmir.
“Tofiq Yaqublu ilə görüşdüm. Artıq demək olar ki, yeriyə bilmir. Fiziki dəstək olmazsa hərəkət etməkdə çətinlik çəkir. Məhz həmin dəstəklə və elektro maşınla görüşə gətirilmişdi. Görmə qabiliyyətini belə itirir”.
Aqil Layic qeyd edib ki, Tofiq Yaqublu çətinliklə bildirib ki, fiziki məhvinə doğru aparan aclıq, əksinə onu psixoloji olaraq güclü edir.
“Ədalətinə nail olmaq üçün fiziki məhv olmasını belə göz önünə alır”.
Vəkil qeyd edib ki, siyasətçi danışmaqda çətinlik çəkdiyi üçün görüş uzun sürməyib.
Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, Elşən Hüseynov adlı şəxsin Almaniyaya gedib, orada vətəndaşlıq alması üçün Elnur Məmmədov vasitəsilə Tofiq Yaqubluya 25 min avro və 10 min manat pul verilib.
Tofiq Yaqublu isə bu ittihamın saxta olduğunu heç kimdən bir manat da pul almadığını bildirir.
Siyasətçi Elşən Hüseynov və ya Elnur Məmmədovla bu haqda belə bir söhbətinin olmadığını deyir.
Onların təxribat məqsədilə bu işə cəlb edildiyini bildirir.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.
Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.
2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsi Tofiq Yaqublunu 9 il azadlıqdan məhrum edib.
Qərar etiraz olaraq Tofiq Yaqublu aprelin 1-dən aclıq elan edib.
Bu, Tofiq Yaqublunun həbsdə ilk aclıq aksiyası deyil. O, 2020-ci il martın 22-də də tutulmuşdu. Tofiq Yaqublu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunaraq 4 il 3 ay azadlıqdan məhrum edilmişdi. Siyasətçi həbsini siyasi sayaraq aclıq aksiyasına başlamış, günlər sonra xəstəxanaya yerləşdirilmişdi. Apelyasiya Məhkəməsinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi ilə bağlı qərardan sonra aclıq aksiyasını dayandırmışdı. Bir il sonra onun ev dustaqlığı da ləğv edilmişdi.
Tofiq Yaqublu daha öncə də – 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində günahlandırılaraq 5 il həbs edilmişdi. Amma 2016-cı ildə Prezidentin sərəncamı ilə əfv olunmuşdu. Siyasi fəal bütün ittihamları rədd edib, şəxsən Prezident İlham Əliyevin sifarişi ilə cəzalandırıldığını bildirib.
Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.