Milli Şuranın və Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun avqutun 12-də keçirilən məhkəməsi qalmaqallı olub. T.Yaqublunun təhqir etdiyi iddia olunan və məhkəmədə zərərçəkmiş qismində dindirilən Cəvahir Cəbrayılova vəkillərin ona verdiyi sualları cavablandırmaqdan imtina edib. O, səs-küy salıb, dindirmə tribunasını itələyərək, suallara cavab vermək istəməyib.
T.Yaqublunun vəkilləri hakiminin baş verənlərə susqun davranışına etiraz edib. C.Cəbrayılovaya da xatırladıb ki, qanun onun üzərinə sualları cavablandırmaq vəzifəsi qoyub. Vəkillər həmçinin vəsatət qaldırıblar ki, məhkəməyə hörmətsizliyə görə onun haqqında akt tərtib edilsin, Ədliyyə Nazirliyinə göndərilsin. Amma Nizami Rayon Məhkəməsində bu işə baxan hakim şifahi vəsatətə reaksiya verməyib.
T.Yaqublu zərərçəkmişin yalan danışdığını, onun istintaqdakı ifadəsilə məhkəmədə dedikləri arasında ziddiyyət olduğunu vurğulayıb:
“Deyirsiniz ki, guya maşını və ərinizi vurandan sonra gəlib öz maşınımda oturanda qapını çəkmişəm, sizə xəsarət yetirilib. Qapı mənim solumdadır, özü də soldan sağa doğru bağlanır, həmin vaxt sizin sağ çiyninizə necə dəyə bilərdi? Elə müstəntiq də sizin ağıldadır ki, belə şeylər yazıb. Mən nə maşından düşmüşəm, nə də bunlara bir kəlmə demişəm…”
Məhkəmədə şahidlərin dindirilməsi mərhələsi başlayıb. T.Yaqublu şahidlər ifadə verməyə başlamamışdan öncə onların hər birinə belə xəbərdarlıq edib: “Yalan danışanın ailəsində, nəslində nə qədər qadın varsa, hamısı əxlaqsızdır. Əgər siz danışsanız, sizə aiddir, mən yalan danışsam, mənə aiddir…”
Hakim Nəriman Mehdiyev də, şahidlər də buna etiraz edəndə T.Yaqublu belə cavab verib: “Əgər yalan danışmırsınızsa, niyə narahat olursunuz? Bu ifadələr yalan danışanlara aiddir. Qanun işləmədiyi yerdə mən neyləməliyəm? Bu sözləri hər bir şahidə dindirmədə deyəcəm. Qanun təsir eləməyəndə başqa çıxış yolu qalmır”.
Məhkəmədə şahid qismində dindirilən Cahid İmaməliyev bildirib ki, hadisənin baş verdiyi “8-ci kilometr bazarı”nın yaxınlığında yaşayır: “Günorta saat 3 radələrində evə gedirdim, gördüm səs-küy gəlir. Getdim ora, gördüm ki, bir “07” maşın var, o biri maşın da parkovkadan çıxıb gələndə onu vurub. Tofiq müəllimin səsi gəlirdi. Adını sonradan bildim. “07”nin sürücüsünü təhqir edirdi. Çox adam var idi. Axıra qədər qalmadım, getdim…”
T.Yaqublu şahidin yalan danışdığını bildirib. Vurğulayıb ki, nəinki söyüş söymək, hətta maşından da düşməyib.
Bu şahid dindirmə bitib, məhkəmə zalından çıxanda üzünü T.Yaqubluya tutaraq deyib: “Tofiq Yaqublu, Allah qapınızı açsın!”
“Gəlib burada yalan danışıb üzümə durur, qapını bağlayır, sonra da deyir ki, “Allah qapını açsın”, – deyə T.Yaqublu ona cavab verib.
Nizami Rayon Polis İdarəsinin 24 saylı polis bölməsinin əməliyyatçısı Cavid Salahov hadisə yerinə gəlməsi, Elxan Cəbrayılovun sinəsində xəsarət görməsi, vintaçan haqda danışanda T.Yaqublu onun söylədiklərinin yalan olduğunu bildirib: “Polisin şər atmaq, uydurmaq kimi də vəzifəsi var?”
T.Yaqublu hadisə yerində olmuş yol polisi Malik Manafov haqqında da danışıb. Onun sözlərinə görə, Malik Manafovun telefonla onun haqqında danışıb, göstəriş verdiyini eşidib: “Məni nəzərə tutaraq dedi ki, bu, maşından heç düşmədi, indi neyləyək? Bunlar planlaşdırıbmış ki, mən maşından düşəcəm, planı reallaşdıracaqlar”.
Daha bir şahid Rövşən Mirzəyev deyir ki, hadisə yerinin yaxınlığında paltar satır. Araları təxminən 100 metr olardı. Səs-küy eşidib, qaça-qaça 5-6 saniyəyə ora çatıb. Orada da T.Yaqublu ilə Cəbrayılovlar arasında davanın şahidi olub.
Vəkillər vurğulayıb ki, 100 metr məsafəni 5-6 saniyəyə heç idmançılar qaça bilmir, bu şahid necə gedib?
“Gedin yuxarılarla danışın, deyin ki, “bu qədər biabırçılıq, bu qədər şərəfsizlik bəsdir, üzümüzün suyu tökülür”. Qurtarsınlar bunu. Bu, məhkəmə deyil…”, – deyə T.Yaqublu hakimə bildirib.
Məhkəmə prosesi avqustun 14-də davam edəcək.
T.Yaqublu martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.
T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl “Facebook” hesabında yazmışdı: “Dostlar, ciddi təxribatla üzləşmişəm. “8-ci kilometr bazarı”nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır…”
T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.
Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.