”Bu vəziyyət davam etsə, prokurorluq barəmdə ölçü götürəcək”
Tofiq Yaqublu bildirib ki, idarədə baş prokurorun müavini Rüstəm Usubov və müstəntiq Nadir Mirzəyevlə görüşüb, ona xəbərdarlıq edilib: “Mənimlə çox mədəni davrandılar, amma dedilər ki, görürük sən hələ ağıllanmamısan. Dedilər ki, İlham Əliyev sənə yaxşılıq edib həbsdən azad edib, sənsə onun haqqında doğru olmayan sözlər deyirsən. Onlara bildirdim qəti belə şey yoxdur. Dedim ki, mənim azad olunmağımla bağlı Avropa Məhkəməsinin də qərarı var idi. Dedim ki, İlham Əliyev zəhmət çəkib mənim günahsız tutulmağımla bağlı qərar verənləri cəzalandırsın, o halda mən onun haqqında xoş sözlər danışacam. Dedilər ki, bu vəziyyət davam etsə, prokurorluq barəmdə ölçü götürəcək. Mənə xəbərdarlığa qol çəkdirdilər. Amma mən sənədi əlavə şərh yazmaqla imzaladım. Yazdım ki, mən bu sənədlə tanış olmuşam”.
Üyni zamanda, keçmiş məhbusu “Yeni Müsavat” qəzetinə müsahibəsində dini məsələlərlə bağlı fikirlərinə etiraz edilib: “Guya, mən milli və dini ayrı-seçkilik salmaq istəmişəm. Ancaq həmin müsahibədə texniki səhv olmuşdu. Mən də öz növbəmdə dedim ki, bu məqsədlə fikir bildirməmişəm. Sonra xəbərdarlıqla bağlı mətni imzaladım”.
***
Müsavat Partiyası başqanının müavini, keçmiş vicdan məhbusu Tofiq Yaqublu Respublika Prokurluğuna çağırılıb. Bu haqda “basta.info”ya Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı məlumat verib.
“Bu gün səhər baş prokurorun müavini Rüstəm Usubov Tofiq Yaqubluya zəng edib və onu saat 17:00 üçün prokurorluğa dəvət edib. Tofiq Yaqublu dəvəti qəbul edib”.
Vəkil Nemət Kərimli prokurorluğa dəvətin mümkün səbəbi barədə danışarkən deyib ki,T.Yaqublu ilə bağlı hər hansı hüququ prosedur qalmayıb. “Yalnız Avropa Məhkəməsinin onunla bağlı qərarı icra edilməyib. Amma Tofiq Yaqublunun buna görə prokurorluğa dəvət olunduğu da inandırıcı deyil, çünki bu məsələ ilə Prezident Aparatının İşlər İdarəsi məşğul olur”, – N. Kərimli deyib.
T. Yaqublu ölkə başçısının əfv fərmanına əsasən martın 18-də həbsdən azad edilib.