Ombudsman Tofiq Yaqubluyla görüşüb
6 gündür aclıq aksiyası keçirən Tofiq Yaqublu sentyabrın 7-də qızı Nigar Həziylə telefonla danışıb.
Bu barədə Nigar Həzi məlumat yayıb.
Nigar Həzi deyib ki, Tofiq Yaqublu ona dəstək olan hər kəsə təşəkkürünü bildirib: “Səsindən necə möhkəm və idarəli olduğu hiss olunurdu”.
Ancaq Tofiq Yaqublu zəiflədiyini bildirib:
“Ata dedi ki, "həbsxana şəraitində aclıq ağır gedir. Çox zəifləmişəm. Görənlər rəngimin çox avazıdığını və gözümün çuxura düşdüyünü deyirlər. Mehman Hüseynov üçün aclıq edəndə aclığın 10-cu günü özümü necə hiss edirdimsə, indi özümü elə hiss edirəm. Ancaq iradəm möhkəmdir! Mən ölməyə hazıram. Buradan ya meyitim çıxacaq, ya da mənə bəraət veriləcək! Əgər ölərəmsə, bu mənim xalq qarşısında kiçik bir xidmətim olacaq. Heç olmasa ölümüm boşuna getməyəcək və xalqı azadlığa çağıracaq. Yəqin ki, daha məndən sonra heç kim şərlənib həbs olunmaz. Məni məcburi qidalandıra bilməzsiniz! Bu işin zarafatı yox”.
Bu gün Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tofiq Yaqubluyla görüşüb.
Məlumatı Ombudsman Aparatı
yayıb
.
Bildirib ki, Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.
Başçəkmə çərçivəsində müəssisədə saxlanılan bir neçə şəxs, o cümlədən qida qəbulundan imtina etməsi ilə bağlı barəsində məlumat yayılmış Tofiq Yaqublu konfidensial qaydada qəbul olunub: “Qəbulda T.Yaqublu barəsində olan cinayət işi və məhkəmə qərarından narazılığını əsas göstərərək bu addımı atdığını qeyd edib. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) həkim üzvünün də iştirak etdiyi qəbul zamanı ona səhhətində ciddi problem yaşamaması üçün qida qəbulunu bərpa etməsi ilə bağlı, müəssisə və tibbi-sanitar hissə rəhbərliyinə isə onun səhhətinin həkim nəzarətində saxlanılması məqsədilə müvafiq tövsiyələr verilib”.
Nizami Rayon Məhkəməsi sentyabrın 3-də Tofiq Yaqublunun 4.3 il azadlıqdan məhrum edilməsi haqqında hökm çıxarıb.
Bu gün hökmlə bağlı apelyasiya şikayəti verilib. Tofiq Yaqublu 6 gündür aclıq aksiyası keçirib.
Sentyabrın 3-də "Human Rights Watch" və "Amnesty International" təşkilatları da Tofiq Yaqublunun azadlıqlan məhrum edilməsi haqqında bəyanat yayıblar.