Siyasi fəal haqqında həbs qətimkan tədbiri müddəti daha iki ay uzadıldı
Müsavat Partiyasının və Milli Şuranın fəalı Tofiq Yaqublunun istintaq dövründə həbsdə saxlanma müddəti daha 2 ay artırılıb. Nərimanov Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.
Siyasi fəal haqqında həbs qətimkan tədbirinin 2 ay uzadılması üçün prokuror məhkəməyə təqdimat vermişdi. Aprelin 6-da məhkəmədə müstəntiq də bu təqdimatı müdafiə edib. Deyib ki, hələ istintaq yekunlaşmayıb, çünki keçirilmiş ekspertizaların rəyləri hələ gəlməyib. İstintaq davam etdiyinə görə də Tofiq Yaqublunun həbsdən buraxılması məqsədəuyğun deyil. O, istintaqdan yayına, prosesin gedişinə təsir göstərə bilər və s.
Tofiq Yaqublu özü də, vəkili də təqdimata etiraz edib. Tofiq Yaqublu bildirib ki, heç bir cinayət törətmədiyi halda, siyasi sifarişlə 4-cü dəfədir ki, həbs olunur.
“Bu dələduzluq ittihamının buradakı hakimə, müstəntiqə nə qədər aidiyyəti varsa, mənə də o qədər aidiyyəti var. Tofiq Yaqublunu dələduzluqda ittiham eləmək biabırçılıqdır, absurddur. Utanıb-qızarmadan dördüncü dəfədir ki, sifariş gəlir və məni qanunsuz həbs edirlər”, – Tofiq Yaqublu bildirib.
Vəkili Nemət Kərimli də etirazın əsassız olduğunu, Tofiq Yaqublunun heç bir sübut-dəlil olmadan həbsdə saxlandığını deyib. Onun sözlərinə görə, müvəkkili 4 aydır ki, həbsdədir, onunla bağlı heç bir istintaqı aparılmır.
Müdafiə tərəfinin etirazlarına baxmayaraq, hakim təqdimatı təmin edib və istintaq dövrü üçün Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirinin müddəti iyunun 14-nə qədər uzadılıb.
Onun vəkilləri həbs müddətinin uzadılması qərarından apelyasiya şikayəti verəcək.
Tofiq Yaqublu dekabrın 14-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb və ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Tofiq Yaqublu xaricə göndərmək adıyla pul almaqda ittiham olunur. Siyasətçinin qızı Nigar Həzi bu ittihamın yalan olduğunu, atasını şərləmək məqsədilə müəyyən adamlardan istifadə olunduğunu bildirib:
“Elnur Vaqifoğlu adlı biri var, uzun illər ərzində zaman-zaman müxtəlif adamlara qarşı cinayət işlərində ondan istifadə olunub. Özü də dələduzluğa görə məhkum edilib. İndi bundan atanı şərləmək üçün istifadə edirlər. Guya xaricə getmək istəyən biri Elnur Vaqifoğluya pul verib. O da vasitəçilik edib, pulu ataya verib. Tamamilə yalan, saxta, uydurma işdir. Belə bir şey olmayıb, ola da bilməzdi…”.
İddia olunur ki, pul dekabrın 8-də verilib, 11-də isə cinayət işi başlanıb. Nigar Həzi deyir ki, cəmi 3 gün ərzində cinayət işi başlanması və Tofiq Yaqublunun həbsi də bunun siyasi sifarişlə uydurulmuş iş olduğunu sübut edir.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb. O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunurdu ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib. Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.
Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb. Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb. 2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.
Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30.sutkalıq həbs olunub.
Bundan başqa, o, 2021-ci il dekabrın 1-də etiraz aksiyasında saxlanmış, həmin gün axşam saatlarında buraxılmışdı. Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı. Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi. Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi. Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina etdi, belə nəticəyə gəldi ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.