Nigar Həzi: “Yeddi gündür ki, acdır, amma hələ də öz kamerasında saxlanılır”
Yeddindi gündür ki, həbsdə aclıq edən Müsavat Partiyasının və Milli Şuranın fəalı Tofiq Yaqublu son bir sutka ərzində yenə çəki itirib. Bu barədə Meydan TV-yə onun vəkili Nemət Kərimli məlumat verərək bildirib ki, sentyabrın 8-də Şüvəlandakı 3 saylı istintaq təcridxanasında T.Yaqublu ilə görüşüb.
“Dünəndən bu günə yarım kiloqram arıqlayıb. Halsızdı, çətinliklə yeriyir. Amma qətiyyətlidir. Həm ölkə daxilində, həm də xaricdə onu müdafiə edən, dəstəkləyən, bu məqsədlə aclıq aksiyasına qoşulan hər kəsə təşəkkürünü bildirdi”, – vəkil belə deyib.
T.Yaqublu vəkilinə onu da bildirib ki, sentyabrın 7-də Ombudsman onunla görüşüb.
T.Yaqublunun qızı Nigar Həzi Meydan TV-yə bildirib ki, atası yeddi gündür aclıq atməsinə baxmayaraq, istintaq təcridxanasının tibb-sanitar hissəsinə köçürülməyib: “Yeddi gündür ki, acdır, amma hələ də öz kamerasında saxlanılır. Halbuki, aclığa başladığı gündən istintaq təcridxanasının tibb-sanitar hissəsinə köçürülməliydi”.
N.Həzi atasının səhhətinə görə narahat olduqlarını vurğulayaraq, bir daha media vasitəsilə Penitensiar Xidmətə müraciət edib. T.Yaqublunun ailə üzvlərinin onun durumuyla bağlı narahatlığını nəzərə alıb, hər gün telefon əlaqəsinə şərait yaradılmasını istəyib.
Həbsdə olan şəxslərin həftədə iki dəfə ailə üzvlərilə telefon danışığı hüququ var. N.Həzinin sözlərinə görə, həbs yerlərində, o cümlədən T.Yaqublu ilə eyni təcridxanada saxlanılan elə dustaqlar var ki, hər gün, hətta gündə iki dəfə ailələrilə danışa bilirlər: “Necə olur ki, Tofiq Yaqublu aclıq edə-edə ona bu imkan tanınmır, hətta ailəsinin davamlı israrına rəğmən, amma digərləri üçün problem olmur? Mənim o biri məhbuslara qarşı heç bir qərəzim yoxdur. İstəyirlər, lap gündə 10 dəfə danışsınlar. Mənə maraqlı olan Tofiq Yaqubluya olan münasibətdir”.
T.Yaqublu martın 22-dən həbsdədir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində onun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. T.Yaqublu CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə təqsirli bilinib. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.
T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O bildirib ki, “8-ci kilometr bazarı”nın qarşısında park olunmuş maşınında əyləşib bazardan qayıdacaq həyat yoldaşını gözlədiyi vaxt maşını qəsdən vurulub. Daha sonra maşını vuran sürücü Elxan Cəbrayılov və yanında olan Cəvahir Cəbrayılova ona hücum edib. Həmin vaxt anlayıb ki, bu təxribatdır.
T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.
Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.