Tofiq Yaqublu: Baş Prokurorluqda mənə sonuncu xəbərdarlıq etdilər (yenilənib)

Mənə dedilər ki, sən belə davam etsən, haqqında cinayət işi açılacaq

Source: Specify Source

***


Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat da yayıblar. Məlumatda deyilir ki, aparılan araşdırmalar Tofiq Yaqublunun “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə qəsdən və qərəzli şəkildə reallığa uyğun olmayan, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmağa xidmət etməklə insanların hakimiyyət əleyhinə qanunsuz hərəkətlərə sövq edilməsinə, onların qanunsuz etiraz aksiyaları keçirməyə təhrik edilməsinə, habelə ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına yönələn təxribat xarakterli cəhdlər etməsi müəyyən edilib.


“Qeyd edilənlərlə əlaqədar T.Yaqublu Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönələn, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edən həmin məlumatların yayılmasını gələcəkdə davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib”.


Bundan başqa Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bütün sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib ki, “ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin pozulmasına, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, insanları qanunsuz etiraz aksiyaları keçirməyə təhrik etməklə hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar və digər qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınacaq”.

***


“Dedilər ki, belə davam etsə haqqımda cinayət işi açılacaq”

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublu avqustun 22-də Baş Prokurorluqda olub.

Onu Baş Prokurorun müavini Namiq Əsgərov və Daxili İşlər Nazirinin müavini Seyfulla Əzimov qəbul ediblər.

Bu barədə Tofiq Yaqublu “Facebook” səhifəsində məlumat paylaşıb.

Onlar Tofiq Yaqubluya hakimiyyəti tənqid etdiyinə görə qanunsuzluğa yol verdiyini bildiriblər:

“Söhbət belə oldu ki, guya mən hakimiyyəti tənqid edərkən qanunsuz hərəkətlərə yol verirəm və buna görə qanun qarşısında cavab verməli olacam. Mən də dedim ki, heç bir qanunsuz hərəkətim yoxdur, qanunları hakimiyyət özü pozur və əvvəlki qaydada davam edəcəm”.

Tofiq Yaqublu Meydan TV-yə deyib ki, ona sonuncu xəbərdarlıq ediblər:

“Mənə dedilər ki, sən belə davam etsən, haqqında cinayət işi açılacaq. Təqdim etdikləri sənəddə də guya ölkəni xaosa sürükləyirəm yazılmışdı, mən də yazdım ki, heç bir qanunsuzluğa yol vermirəm, bütün fəaliyyətim qanun çərçivəsindədir”.


Tofiq Yaqublu

bir gün əvvəl ona zəng vurulduğunu və Baş Prokurorluğa çağırıldığı barədə “Facebook” sosial şəbəkəsində məlumat paylaşıb. O, bildirib ki, zəng vuranlardan ona rəsmi çağırış vərəqəsi göndərməyi tələb edib.

Ana səhifəXəbərlərTofiq Yaqublu: Baş Prokurorluqda mənə sonuncu xəbərdarlıq etdilər (yenilənib)