Tofiq Yaqublu: Ailənə deyərsən ki, mənim torpağım uğrunda döyüşən adama böhtan atdım…

Hakim Nəriman Mehdiyev deyir ki, Nazirlər Kabinetinin və Ali Məhkəmənin qərarları var, məhkəmə zalında on nəfərdən artıq şəxs ola bilməz.

Source: Foto: sosial şəbəkə


Məhkəməyə jurnalistlər və siyasi fəalın yaxınları buraxılmayıb

“Bura məhkəmə yox, Gənc Tamaşaçılar Teatrıdır…”, – Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublu bunu avqustun 14-də öz işi üzrə keçirilən məhkəmə prosesi haqda deyib.

T.Yaqublunun məhkəməsində şahidlərin dindirilməsi mərhələsidir. Hər dəfə məhkəmə iclasında prosesi izləməyə gələn yaxınlarının, ictimai-siyasi fəalların, jurnalistlərin içəri buraxılmaması ilə əlaqədar mübahisə yaşanır. Və hər dəfə də mübahisədən sonra yalnız T.Yaqublunun qızı Nigar Həzi məhkəmə zalına buraxılır. Avqustun 14-də yenə eyni səbəbdən gərginlik yaşanıb.

“Mənim yaxınlarımı, jurnalistləri niyə məhkəməyə buraxmırsız? Burada hansı hoqqalardan çıxdığınızı gəlib görərlər?”, – deyə T.Yaqublu bildirib.

Hakim Nəriman Mehdiyev deyir ki, Nazirlər Kabinetinin və Ali Məhkəmənin qərarları var, məhkəmə zalında on nəfərdən artıq şəxs ola bilməz.

T.Yaqublu isə bu arqumentlə razılaşmayıb: “Əgər məqsəd yoluxmanın qarşısını almaqdırsa, deməli, burada ara məsafədən söhbət gedir. Bu zalda kifayət qədər yer var və ara məsafənin də qorunması mümkündür”.

Hakim bildirib ki, məhkəmə zalında qaydaları o müəyyənləşdirir. T.Yaqublunun ona cavabı belə olub: “Nə vaxt hakim olarsız, onda siz müəyyənləşdirərsiniz. Siz hakim deyilsiniz, məlum kateqoriyadan olan Cəbrayılovların (T.Yaqublunun xəsarət yetirdiyi iddia olunan ər-arvad) səviyyəsində adamsız. Əgər hakim olsaydınız, həqiqətin üzə çıxmasına çalışardınız, verdiyimiz vəsatətləri təmin edərdiniz. Siz isə telefonların əhatə dairəsilə bağlı məlumatları mobil operatorlardan almaq istəmirsiniz. Gözləyirsiniz ki, vaxt ötsün, sonra da deyilsin ki, “gecdir, artıq bu məlumatlar qalmayıb”. Hakim olan belə eləmir. Ona görə də hakim kimi mənə heç bir göstəriş verə bilməzsiniz”.

Məhkəmədə iki nəfər şahid qismində dindirilib – Arzu Babayeva və İlqar Mehdiyev. Onların hər ikisi dindiriləndə T.Yaqublu tribunadakı and mətnini oxumaları ilə kifayətlənməyib: “Kim yalan danışırsa, nəsil-nəcabətindəki bütün qadınlar əxlaqsızdır. Siz yalan danışsanız, sizə aiddir, mən yalan danışsam, mənə…”

50 yaşı olduğunu deyən A.Babayevanın bu, xoşuna gəlməyib: “Elə həmin gün də belə səs-küy salmışdın. Bu, nə tərbiyəsizlikdir?”

T.Yaqublu ona belə cavab verib: “Tərbiyəsizlik yalan danışmaq, başqasına böhtan atmaqdır”.

Ramanı qəsəbəsində yaşadığını deyən A.Babayevanın sözlərinə görə, martın 22-də oğlu ilə birlikdə “8-ci kilometr bazarı”na gəlib: “Mən kasıb adamam, gəlib oradan bazarlıq edirəm. Maşınların toqquşduğunu görməmişəm, səs eşidib ora getdim. Gördüm ki, bu kişi (T.Yaqublunu göstərir-red.) o biri kişinin üstünə cumur, söyür, vurur. Sonra öz maşınına oturub qapını bağlayanda qadının da qolunu əzdi. Üstümdə su vardı, qadına verdim. Qadın polisə zəng elədi…”

A.Babayeva öncə bazara oğlunun maşınıyla bazara getdiyini desə də, vəkillər maşınla bağlı araşdırma aparmaq istəyəndə bildirib ki, oğlunun dostunun maşını olub. Mart ayında, soyuq bir gündə çantasında su olması barədə dediklərini isə belə əsaslandırıb ki, şəkər xəstəsidir.

T.Yaqublu onun yalan danışdığını bildirib. Onun sözlərinə görə, dayandığı yerdə maşını vurulandan dərhal sonra ər-arvadın ona hücum etdiyini görəndə artıq təxribat olduğunu anlayıb və pəncərələri də bağlayaraq, maşından düşməyib: “Təxminən 12 dəqiqə – polis gələnə qədər maşında oturub gözləmişəm, bir kəlmə də danışmamışam. Mən maşından düşməməklə bunların da planını pozmuşam, Əvvəldən gözləyirdilər ki, maşınımı vuracaqlar, mən düşəcəm, hücum eləyəcəklər, həmin vaxtda da əlbəyaxa davanı kənardan hazır vəziyyətdə dayananlar çəkib sübut kimi istifadə edəcək. Mən də düşmədim, planları pozuldu. Bayaqdan neçə dəfə deyib ki, 50 yaşım var. 50 yaşınız var, 50 dəqiqədir yalan danışırsız. Yalan danışandan sonra nə fərqi var kimsiniz, neçə yaşınız var? İstəyir, lap 150 yaşınız olsun…”

Digər şahid İlqar Mehdiyev Nizami Rayon Polis İdarəsinin əməliyyat müvəkkilidir. O bildirib ki, bazarın yanında hadisə barədə zəng gəlib. Onlar da qrup şəklində hadisə yerinə gediblər. Çatanda artıq yol polisləri oradaymış: “Bir nəfər çiynini tutub oturmuşdu. Vətəndaş bildirdi məni “otvyorka” ilə vurublar, qışqırırdı…”

Dindirmə zamanı məlum olub ki, bu polis əməkdaşı əslən Cəbrayıl rayonundandır. T.Yaqublu onun yalan danışdığını vurğulayıb. Dindirmə başa çatanda isə ona üzünü tutaraq deyib: “İfadədən əvvəl mənim dediyim sözləri qəbul edib, yenə yalan danışdınsa, ayıb olsun sənə. Gedib axşam ailənə, qohum-əqrəbana deyərsən ki, mənim torpağım uğrunda – Cəbrayıl uğrunda döyüşmüş qaziyə böhtan atdım, bu sözləri götürdüm…”

Məhkəmə prosesi avqustun 19-da davam edəcək.

Ana səhifəSiyasətTofiq Yaqublu: Ailənə deyərsən ki, mənim torpağım uğrunda döyüşən adama böhtan atdım…