Həbsdə olan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Meydan TV-yə müsahibə verib. Siyasətçi müsahibəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsi və eləcə də, ölkədə baş verən son siyasi həbslər, ictimai- siyasi proseslər haqda danışıb.
–Tofiq bəy, əhvalınız necədir? Baş verənlərin fonunda hələ də nikbin qalmaq olurmu?
– Mübariz əhval-ruhiyyədəyəm. Ülvi Həsənli və Sevinc Vaqifqızı həbs ediləndə “Facebook”da yazmışdım ki, hamımızı şərləyib, tutacaqlar. Əlbəttə ki, Azərbaycanın azad və demokratik gələcəyi ilə bağlı nikbinəm. Mübarizə əzmim yerindədir və daha da artır. Nikbinlik və ya bədbinlik fərdlərin vəziyyətinə dair bir ölçü olmamalıdır. Burada əsas olan ölkə üçün gözlənilən gələcəkdir. Azərbaycan üçün yaxşı olacaq, buna heç kimin şübhəsi olmasın. Tarixin axarı bir su kimidir, onu axmağa qoymasan, məcrasını bağlasan, selə çevrilər, elə axar. Yəni gec olar, amma güc olar.
– Uzun illər hökumətyönlü media müxalifəti “Qərbin layihəsi” adlandırırdı. Son həbslər isə “Ramiz Mehdiyev işi” və Rusiya izi ilə əsaslandırılır. Bu dəyişikliyini siz necə izah edirsiniz?
– lham Əliyev fikirləşir ki, Ermənistanda Paşinyan, Moldovada Sandu real rusiyayönümlü və həqiqi cinayətkar müxalifəti ifşa edib, həbsə atırsa, o da bu fürsətdən istifadə edib, həmin ittihamlarla ölkədəki demokratik, Qərb dəyərləri uğrunda mübarizə aparan müxalifəti həbs edə bilər və bunun əsl vaxtıdır. Əlbəttə ki, bu ittihamlar absurddur və heç kəsi buna inandırmaq mümkün deyil.
– Azərbaycanda uzun illər əvvəldən başlayan repressiya, müxalifətin sıradan çıxarılması, həmişə Əli Kərimlinin həbsindən yan keçirdi. Bu dəfə Kərimli dövlət çevrilişinə cəhddə təqsirləndirilir. Bu həbs nədən xəbər verir? Bunu artıq ölkədə siyasi mübarizəni tamamilə bitirmək cəhdi kimi qiymətləndirmək olar?
– Müxalifəti sıradan çıxarmaq, demokratiya uğrunda mübarizəni dayandırmaq mümkün olmayacaq. İlham Əliyev 2005-2008-ci illərdə də demişdi ki, daha Azərbaycanda müxalifət olmayacaq. Bu sınaqdan da çıxacağıq. Elə Əli bəyin həbsinə də yuxarıda dediyim səbəbdən cəsarət etdi. Məncə, hər şey Ukrayna-Rusiya müharibəsinin necə yekunlaşacağından asılı olacaq. Rusiyanın birmənalı qələbə qazanması vəziyyəti daha da ağırlaşdırardı. İnanıram ki, Ukrayna təslim olmayacaq və Rusiyanı o qədər də qane etməyən sülhə nail olacaq. Beynəlxalq təzyiqlər istədiyimiz səviyyədə olmasa da, inanıram ki, tədricən güclənəcək və Əliyev geri addım atmalı olacaq.
– Aparıcı müxalifət partiyasının sədri həbs olundu, amma ölkə daxilində bu hadisə sanki səssiz qarşılandı. Bu nə ilə bağlıdır?
– Aparıcı müxalifət liderlərinin həbsi səssiz qarşılanmadı. Sosial şəbəkələrdə ciddi etiraz var. Ölkədə repressiv mühit olduğu üçün meydanlarda etiraz etmək imkanı yoxdur. Amma etiraz enerjisi itmir. İlk fürsətdəcə ciddi etirazlar olacaq. Burada bizim üçün önəmli olan odur ki, cəmiyyət hakimiyyətin bu şərləmə işini necə qəbul edir. Biz gördük ki, insanlarımız bu ittihamlara istehza edirlər. Yəni hakimiyyətin cəmiyyəti aldatmaq planı baş tutmadı.
– İkinci Qarabağ müharibəsi zamanı Əli Kərimli də, siz də İlham Əliyevə dəstək idiniz. Bəs hələ o zaman Əliyevin daha sərt repressiyalara gedəcəyi görünürdümü?
– İkinci Qarabağ müharibəsində Azərbaycan dövlətini və Azərbaycan ordusunu dəstəkləmişik. De-fakto Ali Baş Komandan İlham Əliyev idi deyə, bu dəstəyi ona da aid edənlər oldu. Bir də ki, müharibədə onun mövqeyi haqlı idi. Amma noyabrın 8-də hücumu dayandıraraq Qarabağın tamamilə azad edilməsi prosesini dayandırdığı üçün, Rusiya sülhməramlılarını Qarabağa gətirdiyi üçün də onu ciddi tənqid etmişik. Şəxsən mən isə konkret olaraq İlham Əliyevə dəstək ifadə etməmişəm, dəstəyim Azərbaycanın haqlı mövqeyinə olub. Müharibədən sonra bu səviyyədə repressiyaların olacağını düşünmürdüm. Ancaq mən bir çoxlarından fərqli olaraq israrla deyirdim ki, indiki şəkildə kütləvi olmasa da, repressiyalar əvvəlki qaydada davam edəcək.
– Deyilir ki, Qərbin bu dəqiqə Azərbaycandan istədiyi yeganə şey Ermənistanla sülh müqaviləsidir. Buna görə də repressiyalara göz yumulur. Sizcə sülh müqaviləsinə razılıq verərək, İlham Əliyev onu tənqid edənləri sıradan çıxarır?
– Bu versiya həqiqətə çox yaxındır. Xüsusən də Trampın hakimiyyətə gəlməsi və davranışları Əliyev üçün göydəndüşmə fürsət oldu.
– Azərbaycanda bir çox siyasi məhbuslar, o cümlədən siz həbsə etiraz olaraq aclıq aksiyası keçirmisiz və adətən bu, öz bəhrəsini verib. Amma, son zamanlar elə sizin də nümunənizdə bunun daha effektiv mübarizə üsulu olmadığını gördük. Sizcə bu, nə ilə bağlıdır? Hakimiyyətin daha sərt mövqe tutmasından xəbər verirmi?
-Aclıq aksiyası effektli üsuldur və həbsdə olan şəxsin bundan başqa əlində vasitə də yoxdur. Mən bu dəfə ölümü gözümün qabağına gətirib, aclıq aksiyasına başladım və heç kim onu dayandırmağa məni məcbur edə bilməzdi. Sadəcə olaraq qızım Nigar Həzinin ana olmasının müəyyən həyati risklərinin olduğu üçün məcbur qalıb, aclığı 41-ci gündə dayandırdım və onun səbəbini də cəmiyyətə geniş izah etmişəm. Mən qızım Nərgizi ana olarkən itirmişəm. İkinci belə vəziyyət, ikinci faciə ailəmiz üçün çox ağır dözülməz ola bilərdi. Həkimim Adil Qeybulla dəfələrlə çox aydın və elmi şəkildə məni inandırdı ki, mənim aclıqdan yaranan həyati risklərim Nigarın və yeni doğulacaq körpəsinin həyatını təhlükəyə atır. Bunun ailənin qalan fərdləri üçün nə demək olduğunu düşünə bilənlər üçün məncə çox izaha da ehtiyac yoxdur. Başqa halda mən sona kimi getmək əzmində idim.
– Bu sərtləşmə nə vaxta kimi davam edəcək?
– Rusiya məğlub oluncaya və ya mövqeyi ciddi şəkildə zəifləyənədək bu sərtləşmə davam edə bilər. Amma sərtləşmənin də bir son həddi var, bundan sistemin özü də ziyan görür və təbii ki, bu da izsiz ötüşməyəcək.