“Hər kəsin vicdanı onun ədaləti ilə ölçülür”
“Bildirdiniz ki, həqiqəti tərəzinin bir gözünə, kağızları digər gözünə qoysaq, kağızlar olan göz ağır gələr. Onda məhkəmə istintaqı niyə aparılır?!”, – böyük miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilmiş satirik şair Tofiq Həsənlinin məhkəmədə söylədiyi son sözlərdir.
Dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsində Tofiq Həsənli barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 22.08.2016-cı il tarixli hökmündən verilən apellyasiya şikayətinə baxılıb.
Vəkil Elçin Sadıqov Meydan TV-yə deyib ki, məhkəmə şikayəti təmin etməyib:
“Qərardan Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik. Ölkə daxilində bəraət tələbimiz təmin edilməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyik”.
Məhkəmədə Tofiq Həsənli son sözlə çıxış edib. O bildirib ki, işdə olan ziddiyyətlərin kifayət qədər olması ilə bağlı keçən məhkəmə iclasında vəsatət veriblər. Sübut olunub ki, polis heç bir sanksiya, icazə ərizəsi olmadan, vəkil və mülk sahibi çağırılmadan dükana icazəsiz soxulub. Qeyri-peşəkar olduqlarını dövlətçiliyə qarşı olan məsuliyyətsizlikləri ilə büruzə veriblər:
“Əgər mən icazə ərizəsi yazmış, narkotikin bilavasitə yerini göstərmiş olsaydım, onda nə üçün bütün dindirilən şahidlər ilk olaraq zibil qutusunu, sonra paltarın ciblərini, nəhayət, axtarışdan sonra bildirdiyim yerdən tapdıqlarını, söyləyirlər? Buna və yazılan ərizənin saat vaxtına baxan ağılsız adam da anlayar ki, bu ərizəni mənə bütün işləri gördükdən sonra hədə-qorxu ilə yazdırıblar”.
Tofiq Həsənli hakimə bildirib ki, onda istintaq aparmadan işə xitam verməli idi:
“Bu, açıq-aşkar ədalətsizlik olardı. Amma ədalətə əsaslanaraq desək, aparılan istintaq zamanı ortaya çıxan kifayət qədər ziddiyyətlər, şahidlərin uyğun gəlməyən ifadələri və özünüzün də təsdiq etdiyiniz polisin qeyri-peşəkarlığı mənim bir daha günahsız olduğumu sübut edir. İndi hər kəsi öz vicdanına buraxaraq soruşuram. Əgər ədalət tərəzisinin bir gözünə əsassız və qeyri-peşəkar yığılan bu kağızları, digər gözünə isə haqq-ədaləti qoysaq, hansı ağır gələr? Allahı aldatmayın”.
Daha sonra Tofiq Həsənli sual edib: “Məgər polisin qeyri-peşəkarlıqla özünü ifşa etməsi dövlətçiliyimizə qarşı olunan xəyanət deyilmi? Buna göz yummaq ən azından ədalətsizlikdir. Digər tərəfdən, əslində dükana qanunsuz olaraq soxulanları, yəni Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının dindirilməsini təmin etmədiniz. Hansı ki narkotiki cibə atan da, dükana qoyan da, mənim şərəf və ləyaqətimi alçaldacaqları ilə hədələyən də onlardır. Həmin şəxslər də dindirilsəydi, ziddiyyətlərin sayı-hesabı olmazdı”.
Sözünə davam edən şair hakimə ilk iclası xatırladıb: “Yadınızdadırsa, ilk məhkəmə iclasında dedim ki, hər kəsin vicdanı onun ədaləti ilə ölçülür. İnanıram ki, siz vicdanlı, ədalətli və dövlətin ali qanunlarına hörmətlə yanaşan bir hakimsiniz. Burada olan hər kəsi öz vicdanına buraxıram və 84 yaşlı anamı gözüyaşlı qoymamağınızı xahiş edirəm. Mənə qarşı ədalətsizlik olarsa, bunu Avropa Məhkəməsinə, möhtərəm prezidentimizə göstərəcək və məsuliyyətsiz polislərin cəzalanmasını tələb edəcəyəm”.
Tofiq Həsənli sonda hakimin hər şeyi nəzərə alacağını və onu azadlığa buraxacağına ümid edib: “Ya da məni heç bir satış məqsədi sübut olunmadığına görə, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə ittiham edərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edəcəksiniz. Bəraət mənim haqqım olsa da, bu halın hamının durumuna uyğun olduğunu hesab edirəm. Hər kəsin Allahın ədalət məhkəməsinə toplanacağını unutmayın”.