”Tikintiyə ayrılan vəsaitin 35 faizi nazirliyə qaytarılırdı”

Şahid: ”Görülən işlərə ayrılan vəsaitin miqdarı şişirdilirdi”

Source:


Şahid: ”Görülən işlərə ayrılan vəsaitin miqdarı şişirdilirdi”

Yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda şahid qismində “PLZ” MMC-də direktor vəzifəsində işləmiş İlqar Həsənov ifadə verib. O, istintaq zamanı verdiyi ifadəni təsdiq edib.

Digər şahid Rəşadət Gərayzadə müxtəlif bölgələrdə “Azərpoçt” MMC üçün tikinti işlərini həyata keçirdiklərini, tikintiyə ayrılan vəsaitin miqdarının şişirdildiyini deyib: “Təmir-tikinti üçün ayrılan vəsaitin 35 faizi nazirliyin rəhbərliyinə geri qaytarılıb”.

Şahid Cabid Rəsulov isə bildirib ki, “AzEvrotel” MMC-nin direktoru vəzifəsində işləyib. Şahid təmir işlərinin ayrılan vəsaitə uyğun görülmədiyini deyib: “Kondisonerlərin quraşdırılması üçün 800 min manat ayrıldı. Amma bu iş tam görülmədi”.

Həbsdə olan aparat rəhbəri Vidadi Zeynalov isə bəzən təmir işləri üçün ayrılan vəsaitin göstərildiyindən artıq maliyyə tələb etdiyini və həmin pulun ödənildiyini bildirib.

Növbəti məhkəmə iclası yanvarın 11-də davam etdiriləcək.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B.Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunmasına dair müqavilələr bağlayıb. İstintaq müəyyənləşdirib ki, işlər tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlər telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlər tərtib edib. Nəticədə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyənləşib.

Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.

Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.

İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Ana səhifəXəbərlər”Tikintiyə ayrılan vəsaitin 35 faizi nazirliyə qaytarılırdı”