”Ərazidə 54 ağac kəsilib, 27 ağaca bioloji ziyan yetirilib”
Prezidentin göstərişi ilə tikintisi dayandırılan binanın yerində 54 ağac kəsilib, 27 ağaca ziyan vurulub.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqub Mirzəyev report.az-a bildirib.
Aprelin 15-də prezident İlham Əliyev Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisinin dayandırılması haqda
göstəriş
verib. Bu haqda prezidentin mətbuat xidməti məlumat yayıb. Göstərişə səbəb tikinti aparan şirkətin ərazidəki 54 ağacın qanunsuz kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsi olub.
R.Mirzəyev deyir ki, ərazidə qalan 27 ağacın mühafizəsinin təmin edilməsi üçün “A-3 Sənaye Tikinti Korporasiyası” MMC-yə məcburi göstəriş verilib və ərazi nəzarətə götürülüb.
O, Mətbuat prospekti-29 ünvanında “Ovçular evi” İctimai Birliyinin ərazisində yaşıllıqların məhv edilməsi ilə bağlı nazirliyin “qaynar xətti”nə aprel 13-də məlumat daxil olduğunu deyib:
“Məlumat əməkdaşlarımız tərəfindən dərhal yerindəcə araşdırılıb. Belə ki, Mətbuat prospektində “Ovçular və Balıqçılar Cəmiyyəti”nin ərazisinə keçirilən baxış nəticəsində 27 ədəd müxtəlif növ ağaca bioloji ziyan yetirildiyi müəyyən edilib, 12-44 sm diametrli müxtəlif ölçülü, içərisində şam, tut, yapon əzgili və s. olan 54 ədəd ağacın məhv edildiyi aşkarlanıb”.
R.Mirzəyev araşdırma zamanı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) müvafiq sərəncamı əsasında həmin ərazidə tikinti aparılması üçün torpaq sahəsi ayrıldığının müəyyən edildiyini bildirib:
“”A-3 Sənaye Tikinti Korporasiyası” MMC tərəfindən orada tikinti işlərinə başlanılıb. Həmin şəxslər apardıqları tikinti işləri zamanı hazırda mövcud yaşıllıqların çox olmasını nəzərə almadan, qanunvericiliyə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq qaydada ekspertiza rəyi almadan ərazidə söküntü işlərinə başlayıblar. Nəticədə ərazidə yaşıllıq məhv edilib. Bu səbəbdən də “A-3 Sənaye Tikinti Korporasiyası” MMC barəsində akt və protokol tərtib edilib və onlar tərəfindən ağacların məhv edilməsinə görə təbiətə 80 760 manat məbləğində ziyan vurulduğu müəyyənləşib. Eyni zamanda, həmin MMC İnzibati Xətalar Məcəlləsinin bir neçə maddəsi əsasında 50 min manatadək cərimə edilib. Vurulan ziyan cinayət tərkibi yaratdığından aidiyyəti üzrə hüquq mühafizə və məhkəmə orqanlarına müraciət edilib. Həmin MMC-yə ümumilikdə 130 760 manat cərimə kəsilib”.