Tiflisdə Bayramla Qiyasa azadlıq tələb edildi

Gürcüstanın paytaxtı Tiflis şəhərində “Heykəl məhbusları” Bayram Məmmədov və Qiyas İbrahimova dəstək məqsədi ilə bir qrup gürcü gənc və azərbaycanlı siyasi mühacirlər dəstək aksiyası keçiriblər. Onlar müxtəlif şüarlarla Azərbaycanın Tiflisdəki səfirliyi qarşısında gənclərin həbsinə etirazla bərabər, onların bir an öncə azadlığa buraxılmasını tələb ediblər. Etirazçılar həmçinin əllərində digər siyasi və vicdan məhbuslarının şəkillərini tutaraq onlara da azadlıq tələb ediblər.


– Biz Azərbaycan hakimiyyətindən onların, Qiyasın, Bayram Məmmədovun və onların timsalında olan digər siyasi məhbusların azadlığını tələb edirik.


– Onlar eks prezident Heydər Əliyevin abidəsi üzərinə “Qul bayramınız mübarək” və “F*ck the system” yazmaqla yazılı qanunu yox, yazılmamış qanunu pozublar.


– Biz Azərbaycan hökümətindən tələb edirik ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə əməl etsinlər və tələb edirik ki, imzaladıqları beynəlxalq konvensiyaları yerinə yetirsinlər. Azadlıq! Azadlıq! Azadlıq!


– Azərbaycan gəncləri korrupsiyalaşmış hakimiyyətlə bir yerdə olmaq istəmirlər. Azərbaycan gəncləri Azərbaycanın sivil dünyaya inteqrasiyasının tərəfdarıdırlar. Azərbaycan həbsxanaları siyasi məhbuslardan boşaldılmalıdır. Azərbaycan demokratikləşməlidir.

Bayram Məmmədov və Qiyas İbrahimov bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, hər iki gənc fəalın evindən narkotik maddə aşkarlanıb.

Gənclərin, əslində, eks prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək” şüarı yazılmasına görə həbs edildiyi güman olunur.

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Bayram Məmmədovun isə məhkəmə prosesi davam edir. Hər iki gənc beynəlxalq amnistiya təşkilatı tərəfindən vicdan məhbusu elan edilib.

Ana səhifəVideoTiflisdə Bayramla Qiyasa azadlıq tələb edildi